...

Azərbaycan və Gürcüstanın geniş tərəfdaşlığı regionun gələcəyi üçün strateji əhəmiyyət daşıyır - Azər Qarayev

Siyasət Materials 17 Aprel 2025 20:02 (UTC +04:00)
Azərbaycan və Gürcüstanın geniş tərəfdaşlığı regionun gələcəyi üçün strateji əhəmiyyət daşıyır - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Gürcüstan arasında möhkəm təməllər üzərində qurulmuş dostluq və tərəfdaşlıq münasibətləri Cənubi Qafqaz regionunda sabitliyin və davamlı inkişafın əsas sütunlarından birini təşkil edir. Tarixi, coğrafi və mədəni qonşuluq üzərində formalaşmış bu münasibətlər bu gün həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatında mühüm nəticələr verməkdədir. Siyasi dialoqdan tutmuş enerji, nəqliyyat, investisiya, humanitar və təhlükəsizlik sahələrinədək geniş spektrdə tərəfdaşlıq regionun gələcəyi üçün strateji əhəmiyyət daşıyır.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Azərbaycan və Gürcüstan enerji sahəsində əməkdaşlığın parlaq nümunəsini təqdim edir. Bu əməkdaşlığın əsası 1990-cı illərin sonlarında qoyulub və zamanla daha da dərinləşərək strateji xarakter alıb. Azərbaycanın neft və qaz ehtiyatlarının dünya bazarlarına çıxarılmasında Gürcüstan ərazisi əsas tranzit marşrutu kimi çıxış edir. Bakı–Tbilisi–Ceyhan neft kəməri Azərbaycanın Xəzər dənizindən hasil olunan neftinin Aralıq dənizinə çatdırılmasında həyati rol oynayır. Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Cənubi Qafqaz Boru Kəməri isə Cənub Qaz Dəhlizinin tərkib hissəsi kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Azərbaycan eyni zamanda, Gürcüstanın daxili enerji bazarında mühüm rol oynayır. SOCAR şirkəti illərdir ki, Gürcüstanın təbii qaz təminatını həyata keçirir. Bu, Gürcüstan üçün sabit enerji tədarükü, Azərbaycan üçün isə strateji müttəfiq bazarın mövcudluğu deməkdir. SOCAR-ın Gürcüstandakı fəaliyyətinə həmçinin neft məhsullarının pərakəndə satışı, qazpaylayıcı sistemlərin idarə olunması və sosial layihələr də daxildir", - o bildirib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyev ötən gün Mixeil Kavelaşvili ilə mətbuata bəyanatla çıxışı zamanı da vurğuladı ki, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir: "Dövlətimizin başçısı bildirdi ki, əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil, hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Yəni demək olar ki, Azərbaycan və Gürcüstan birgə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verirlər".

Politoloq qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında nəqliyyat və tranzit sahəsində də geniş əməkdaşlıq mövcuddur və bu, regionun iqtisadi inteqrasiyası və beynəlxalq ticarət əlaqələrinin inkişafı baxımından strateji xarakter daşıyır.

"Bakı–Tbilisi–Qars dəmir yolu bu sahədə ən mühüm infrastruktur layihələrindən biridir. Bu dəmir yolu vasitəsilə Çin, Mərkəzi Asiya ölkələri və Avropa arasında yüklərin daha sürətli və təhlükəsiz şəkildə daşınması mümkündür. Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində də iki ölkə arasında logistik mərkəzlərin yaradılması, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycanın Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Gürcüstanın Poti və Batumi limanları bu sistemin vacib elementləridir. Bu əməkdaşlıq Avrasiya məkanında Çin–Avropa marşrutunun rəqabət qabiliyyətini artırır və ölkələrimiz üçün tranzit gəlirlərini yüksəldmək imkanı yaradır. Dövlətimizin başçısının da qeyd etdiyi ki, nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Həmçinin, Prezident İlham Əliyev vurğuladı ki, əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. Xüsusilə vurğulamaq lazımdı ki, hər iki ölkə nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafında maraqlıdır və bu istiqamətdə birgə işləyir. Bu isə öz növbəsində ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və həm Azərbaycanın, həm də Gürcüstanın nəqliyyat marşrutları çərçivəsində yerini möhkəmləndirir", - o bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin siyasi istiqaməti hər zaman sabit və nümunəvi olub.

"Dövlət başçıları və digər yüksək səviyyəli rəsmilər arasında müntəzəm səfərlər və görüşlər həyata keçirilir. Hətta son dönəmə toxunsaq, Gürcüstanın yenidən seçilən Baş naziri İrakli Kobaxidze də, Prezident Mixeil Kavelaşvili də ilk səfərlərini Azərbaycana etdilər. Bu iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunun sübutudur. Bu dialoq regionda baş verən proseslərə dair ortaq mövqelərin formalaşmasına, qarşılıqlı maraqların qorunmasına və birgə regional təşəbbüslərin irəli sürülməsinə şərait yaradır. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü hər zaman birmənalı şəkildə dəstəkləyib. Bu mövqe beynəlxalq təşkilatlarda – BMT, ATƏT, Avropa Şurası kimi platformalarda da dəfələrlə ifadə olunub. Azərbaycan da öz növbəsində Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır və dəstəkləyir", - o bildirib.

Politoloqun sözlərinə görə, Azərbaycan Gürcüstanda ən iri xarici investorlardan biridir, xüsusilə SOCAR-ın sərmayələri və infrastruktur layihələri iqtisadi əlaqələrin əsasını təşkil edir.

"Bundan əlavə, Azərbaycan iş adamları Gürcüstanda müxtəlif sahələrdə – tikinti, kənd təsərrüfatı, xidmət sektoru və turizm sahələrində fəallıq göstərir. Ticarət dövriyyəsi də illər ərzində artan dinamika nümayiş etdirir. Gürcüstan Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, eyni zamanda Cənubi Qafqazdakı iqtisadi inteqrasiyanın əsas sütunlarından biridir. Azərbaycan və Gürcüstanın qarşılıqlı münasibətləri təkcə keçmiş və bu gün üçün deyil, həm də gələcək üçün ciddi perspektivlər vəd edir. Regionda baş verən geosiyasi dəyişikliklər, yeni nəqliyyat və enerji marşrutlarına ehtiyac, Avropa ilə Asiya arasında alternativ yolların formalaşdırılması iki ölkə üçün yeni imkanlar açır. Bundan əlavə, yaşıl enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi, Xəzər və Qara dəniz arasında bərpa olunan enerji layihələrinin inkişaf etdirilməsi, və “yaşıl kabel” təşəbbüsləri yaxın gələcəyin gündəmindədir. Strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş bu münasibətlər regional sabitlik, iqtisadi inkişaf və çoxtərəfli əməkdaşlıq baxımından nadir bir modeldir. Azərbaycan və Gürcüstanın ortaq səyləri nəticəsində Cənubi Qafqaz daha da güclənən və rəqabətə davamlı bir regiona çevrilməkdədir", - A.Qarayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti