Füzuli. Trend:
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndi və Şuşa şəhərlərinə səfəri olub.
Trend xəbər verir ki, nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
Nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəlib. Daha sonra onlar Xankəndi şəhərinə səfər ediblər.
Xarici diplomatlar əvvəlcə Qarabağ Universitetinə gəliblər. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi müharibə cinayətləri barədə məlumat verib. Bildirib ki, Azərbaycan beynəlxalq prinsiplərə əsaslanaraq özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Qarabağ və Şərqi Zəngəzur artıq yeni inkişaf mərhələsinə qədəm qoyub.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında rəhbərlik etdiyi təhsil ocağı, tədris prosesində əldə edilən uğurlar və qarşıya qoyulan hədəflərdən bəhs edib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə geniş tikinti-bərpa işləri həyata keçirilir. Yeni müasir avtomobil yolları, dəmir yolları, hava yolları çəkilir. Yaşayış məntəqələri elektrik enerjisi, içməli su və təbii qazla təmin edilir. Ərazilərdə geniş yaşıllıq zolaqları salınır. Xankəndi şəhəri və digər yaşayış məntəqələri sahibkarlar üçün əlverişli mühit formalaşdırılır. Artıq Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ərazisində 7 yaşayış məntəqəsində ümumilikdə 12 minə yaxın insanın daimi məskunlaşması təmin edilib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxışında işğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları və tikinti-quruculuq işləri barədə məlumat verib.
Diplomatik korpusun nümayəndələri sonra Qarabağ Universiteti ilə tanış olub, tədris binası, kitabxana, auditoriya, laboratoriya və sərgi zalına baxış keçirib, incəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında musiqi nömrələrini dinləyiblər.
Xarici diplomatlar sonra Xankəndi şəhərinin mərkəzi hissəsi ilə tanış olub, Zəfər meydanının qarşısında xatirə şəkli çəkdiriblər.
Qarabağda səfərdə olan diplomatik korpusun nümayəndələrinin Xankəndi şəhərindən sonra Şuşaya səfəri başlayıb.
Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov nümayəndə heyətinə şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə danışıb.
Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir.
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinin Qarabağ küçəsində həyata keçirilən tikinti işləri ilə tanış olublar. Məlumat verilib ki, bu küçədə dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır. İnşa olunan binalar arasında mehmanxana, ofislər, iaşə obyektləri var. Tikinti işləri şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir. Binaların tikintisində Şuşa daşlarından istifadə olunaraq, Şuşanın tarixi-mədəni abidələrinə uyğunlaşdırılır. Bu binaların inşası tarixi Azərbaycan şəhəri olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir.
Nümayəndə heyəti sonra Aşağı Gövhər Ağa məscidinə gəlib. Məlumat verilib ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşa şəhəri tarixən yuxarı və aşağı olmaqla 17 məhəllədən ibarət olub. Aşağı Gövhər Ağa məscidi şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb.
Səfər çərçivəsində xarici diplomatlar Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə də tanış olublar. Bildirilib ki, təməli 2021-ci ildə qoyulan yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilib. İyirmi üç binadan ibarət yaşayış kompleksində keçmiş şuşalıların rahat yaşaması üçün hər cür şərait yaradılıb.