Bakı. Trend:
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi fəaliyyət göstərdiyi dövr ərzində keçirdiyi qrant müsabiqələri üzrə Azərbaycan QHT-lərindən daxil olan 3965 layihə təklifinə baxılıb, onlardan 2214-ü maliyyələşdirilib.
Trend xəbər verir k, bunu Agentliyin icraçı direktoru Aygün Əliyeva qurumun 4 illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, ötən 4 il ərzində Agentliyin donorluğu ilə Azərbaycan QHT-ləri 36 ölkədə 80 dəfə beynəlxalq tədbirlərə qatılıb və konfranslar təşkil edib.
Son 4 ildə Azərbaycan QHT-lərinin təşəbbüslərinin dəstəklənməsinə Agentlik tərəfindən ümumilikdə, 22 milyon manata yaxın vəsait ayrılıb.
İcraçı direktor onu da qeyd edib ki, Agentlik Prezident İlham Əliyevin fərman və sərəncamlarında məsul olduğu tapşırıqların icrası səviyyəsinə görə, 2022-ci ildə 76%, 2023-cü ildə 87.5%, 2024-cü ildə isə 97.3%-lik nəticə göstərib. Dövlət Proqramları və Milli Fəaliyyət Planları üzrə qurumun icrasına məsul olduğu tapşırıqların sayı isə 2022-ci illə müqayisədə 2024-cü ildə 4 dəfə artıb.
Aygün Əliyeva vurğulayıb ki, Agentliyə QHT-lərin təqdim etdiyi layihələrin sayında son müsabiqədə rekord qeydə alınıb – ümumilikdə, 915 QHT-nin müraciətinə baxılıb.
Layihələrin keyfiyyəti son 2 ildə xeyli yüksəlib, 2023-cü ildə Agentliyin yeni qrant müsabiqəsi qaydalarının müəyyən olunması və yeni elektron xidmətlərin tətbiqi bu sahədə dönüş yaradıb.
Qurum fəaliyyətində şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılması, eyni zamanda QHT-lərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərin daha əlçatan olması məqsədilə 2023-cü ildən etibarən elektron xidmətlər portalını istifadəyə verib.