...

Azərbaycanın Cənubi Qafqazda daha bir təşəbbüsü reallaşır: regionda vahid müzakirə platforması yaradılır

Siyasət Materials 18 Aprel 2025 14:33 (UTC +04:00)
Azərbaycanın Cənubi Qafqazda daha bir təşəbbüsü reallaşır: regionda vahid müzakirə platforması yaradılır

Bakı. Trend:

Azərbaycan, Gürcüstan və Ermənistanı özündə birləşdirən Cənubi Qafqaz çox böyük geosiyasi əhəmiyyətə, zəngin irsə və böyük iqtisadi potensiala malik regiondur. Strateji cəhətdən Avropa və Asiyanın kəsişməsində yerləşən bu ərazi enerji resursları, ticarət yolları və regional əlaqə üçün mühüm tranzit dəhlizi rolunu oynayır. Bu üstünlüklərə baxmayaraq, region tarixi münaqişələr, parçalanmalar, ziddiyyətlər, tərəqqiyə mane olan digər gərginliklərlə daha çox yadda qalıb. Amma regionun lider ölkəsi olaraq, Azərbaycan artıq bu səhifənin çevrilməsinə, Cənubi Qafqazın sabitlik, inkişaf, əməkdaşlıq məkanına çevrilməsiə çalışır, bu istiqamətdə müvafiq siyasət yürüdür.

Qeyd edilməlidir ki, Azərbaycan region ölkələri arasında əməkdaşlıq münasibətlərinin qurulması, hər üç ölkənin Cənubi Qafqazın taleyinin müəyyən olunmasında birgə iştirakı məsələsini İkinci Qarabağ müharibəsindən sonra gündəmə gətirib. Ölkəmizin yanaşması bundan ibarətdir ki, ilkin mərhələdə region dövlətləri arasında qarşılıqlı münasibətlərin yeni mərhələsinin başlanması məqsədilə Azərbaycan-Gürcüstan-Ermənistan üçlüyündən ibarət olacaq vahid müzakirə platforması yaradılması reallaşmalıdır. Prezident İlham Əliyev hələ 2022-ci ildə Çex Respublikasının paytaxtı Praqa şəhərində keçirilən “Avropa Siyasi Birliyi” Zirvə Toplantısı çərçivəsində bu məsələni diqqət mərkəzinə gətirib. Sonrakı mərhələdə də bu məsələ Azərbaycan tərəfindən aktuallaşdırılıb.

Gürcüstan Azərbaycanın regionda vahid müzakirə platforması yaradılması ilə bağlı yanaşmasını dəstəkləsə də, Ermənistan müvafiq addımlar atmaqda daim tərəddüd edib. Bu hal Cənubi Qafqazda vahid müzakirə platformasının yaradılması təşəbbüsünün reallaşmasına mənfi təsir edib. Halbuki, belə bir platforma regionun yüksəlişində tamamilə yeni bir səhifə açmaq iqtidarındadır və bu prosesdə yenə Azərbaycan ən maraqlı tərəflərdən biri qismində çıxış edir. Prezident İlham Əliyev Gürcüstandan olan həmkarı Mixeil Kavelaşvili ilə birgə mətbuata bəyanatla çıxış edərkən bu xüsusda bildirib: “Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq”.

O da birmənalı həqiqətdir ki, regionda yer alan ölkələrin əməkdaşlığına ən çox ehtiyac duyan ölkə Ermənistandır. Çünki bu ölkə kənar təsirlərə qarşı həssasdır, müxtəlif güclərin əlində konkret məqsədlər üçün vasitədir. Bundan xilas ola bilmək üçün Ermənistanın əsas çıxış yollarından biri məhz regionda qonşu ölkələr, xüsusən də Azərbaycanla sülh şəraitində yaşamaq, əməkdaşlıq münasibətləri qurmaqdır. İkinci Qarabağ müharibəsindən sonra ötən dövrdə cərəyan edən hadisələr də bunu isbata yetirib, Azərbaycanın yanaşmasının tamamilə doğru olduğunu nümayiş etdirib. Bu mənada Tbilisdə Azərbaycan, Gürcüstan və Ermənistan arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüş müəyyən ümidlər doğurur. Danışıqlarda Gürcüstan tərəfini xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Azərbaycanı xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistanı isə xarici işlər nazirinin müavini Vaan Kostanyan təmsil edib. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili görüşü yüksək qiymətləndirib: “Üçtərəfli əməkdaşlıq üzrə fikir mübadiləsi regionun inkişafı üçün vacibdir. Cənubi Qafqaz strateji əhəmiyyətə malik bir regiondur – böyük potensiala sahibdir və bu potensialdan yalnız birgə şəkildə istifadə edə bilərik. Region haqqında baxışlarımızın bölüşülməsi və üçtərəfli əməkdaşlıq imkanlarının araşdırılması vaxtında atılmış və olduqca vacib bir addımdır”.

Ümumiyyətlə, görüşün məqsədi regionda davamlı inkişaf və firavanlığı təşviq etmək naminə ümumi maraq kəsb edən sahələrdə üçtərəfli əməkdaşlığı inkişaf etdirmək olub. Məlumatlara əsasən, görüşdə açıq fikir mübadiləsi şəraitində potensial əməkdaşlıq sahələrinə dair baxışlar təqdim edilib. Daha bir mühüm nüans odur ki, bu, belə bir formatda ilk görüşdür. Onun davamlı xarakter alacağına, konkret nəticələrə gətirib çıxaracağına ümidlər böyükdür. Düzdür, bundan əvvəl üç ölkənin xarici işlər nazirləri – Ceyhun Bayramov, Maka Boçorişvili və Ararat Mirzoyan Türkiyədə Antalya Diplomatik Forumunda görüşüblər. Amma bu görüş Cənubi Qafqazdan kənarda baş tutub. Üç ölkənin təmsilçilərini regionda İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə bir araya gəlirlər və birgə əməkdaşlığın mümkün olduğu sahələr üzrə fikir mübadiləsi aparıblar. Əslində, belə vəziyyət Azərbaycanın təşəbbüskarı olduğu regionda vahid müzakirə platforması yaradılması prosesinin də başlanğıcı hesab oluna bilər. Nəticə etibarı ilə bundan bütün region ölkələri faydalanacaq. Ancaq o da faktdır ki, vahid müzakirə platformasının yaradılması, onun perspektivdə əməkdaşlıq üçün bazisə çevrilməsinin mümkünlüyü Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamasından, münasibətlər qurmasından da əhəmiyyətli dərəcədə asılıdır.

Hələlik Ermənistan sülhlə bağlı yekun nəticənin əldə edilməsini gecikdirir. Ancaq bu ölkə hakimiyyət təmsilçilərinin son günlərdə müəyyən açıqlamaları barış ümidlərini də artırır. Sülhün və əməkdaşlığın əldə edilməsi ilə Ermənistan Azərbaycanın regionda yaratdığı böyük imkanlardan yararlana biləcək, transmilli layihələrdə iştirak imkanı qazanacaq. Nəticə etibarı ilə regionda yer alan ölkələrin müxtəlif sahələri əhatə edəcək üçtərəfli əməkdaşlıq formatı işlək hala gələcək. Nəzərə alınmalıdır ki, regionun iqtisadi, tranzit, enerji və digər bir çox mühüm istiqamətlər üzrə böyük potensialı mövcuddur.

Daha bir vacib məqam ondan ibarətdir ki, Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda əməkdaşlığı kənar qüvvələrin regionda məkrli niyyətlərinin həyata keçməsi yolunda ən böyük maneələrdən biri olacaq. Hazırda görünən budur ki, Azərbaycanın regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, qarşılıqlı münasibətlərdə yeni mərhələnin açılmasına səbəb olacaq bu formatın həyata keçməsi istiqamətində səyləri artıq nəticə verir. Gürcüstan və Ermənistanın qarşıdakı dövrdə ölkəmizin bu müstəvidə təşəbbüsünü dəstəkləməsi Cənubi Qafqazda yeni vəziyyət formalaşdırmağa, bundan bütün region ölkələrinin faydalanmasına xidmət edəcək.

MTM Analitik Qrup

Xəbər lenti

Xəbər lenti