Bakı. Trend:
Moskva və ya Kiyev sülh sazişinin əldə olunmasını həddən artıq qəlizləşdirsə Amerika Birləşmiş Ştatları vasitəçilik səylərindən vaz keçəcək.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evin oval kabinetində jurnalistlərə açıqlamasında bildirib.
O atəşkəslə bağlı razılaşmanın “sayılı günlər ərzində” əldə olunacağını gözləmədiyini bildirsə də, onun tez bir zamanda gerçəkləşməsini istədiyini diqqətə çatdırıb.
“İndi hansısa səbəbə görə, iki tərəfdən biri bunu çətinləşdirsə, biz onlara deyəcəyik ki, siz həqiqətən axmaq hərəkət edirsiz, axmaqlarsız, çox dəhşətli adamlarsız, və bu məsələnin üzərindən keçəcəyik”, - deyə Tramp bildirib.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio da oxşar açıqlama verərək, sülh danışıqlarının nəticə verməyəcəyi təqdirdə Vaşinqtonun vasitəçilik səylərini dayandıracağını söyləmişdi.