Bakı. Trend:
Hər kəs gömrük ödənişlərində həvəsli olmalıdır.
Trend xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu gün rəhbərlik etdiyi qurumun və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Rəqəmsal gömrük və media” mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, vətəndaşların idxal etdikləri mallara görə ödədiyi vəsait, əslində, onun özünə qayıdır və onlar bunun dövlətə xidmət olunduğunu düşünməlidirlər: "Bunu kompaniya formasında yaxşı inkişaf etdirmək lazımdır ki, vətəndaşlar ödənişlərdən yayınmasınlar. Bəzən olur ki, insanlar başqa yerlər üzrə xərclərini hesablamırlar, amma gömrük ödənişlərində düşünürlər ki, bu nə dərəcədə səmərəlidir. Ona görə də bu istiqamətdə maarifləndirmə, təbliğat işlərini gücləndirməyə ehtiyac vardır. Bu xüsusda medianın rolu olduqca böyükdür".
"Bir sözlə, hər kəs xaricdən gətirdiyi məhsula görə ödəniş edirsə, o başa düşməlidir ki, bu, onun dövlət, xalq qarşısında gördüyü bir işdir. Onlar həvəslə, istəklə bu prosesi görməlidirlər ki, digərlərinə də nümunə olsun. Biz cəmiyyəti bu prosesə daha çox cəlb etmə yolları haqqında çox düşünürük", - Ş. Bağırov qeyd edib.
O qeyd edib ki, bəzi hallarda kütləvi informasiya vasitələrində (KİV) gömrük orqanlarının fəaliyyəti haqqında tənqidi fikirlər söylənilir:
"Amma onu analiz etdikdə bu tənqidin bir o qədər də əsasının olmadığını görürük. Ola bilər ki, texniki cəhətdən bu və ya digər normaları bilmədən narazılıq yaranır. Ona görə də belə halların sayının azalması üçün biz media nümayəndələri ilə yaxından işləməliyik".