Bakı. Trend:
Bu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9,7 milyard manat, xərcləri 8,1 milyard manat olub, 1,6 milyard manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
2025-ci ilin 1-ci rübü üzrə dövlət büdcəsinin gəlirləri 9,6 milyard manat proqnoza qarşı 9,7 milyard manat və yaxud 171,3 milyon manat (1,8 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,4 faiz və ya 499,2 milyon manat çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 25,4 faizinə bərabər olub.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 2,9 faiz çox icra edilməklə 6,1 milyard manat təşkil edib.
Dövlət büdcəsinin gəlirlərinin 4,4 milyard manatı və ya 45 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 3,6 milyard manatı və ya 37,2 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1,4 milyard manatı və ya 14,7 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 136,7 milyon manatı və ya 1,4 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 10,4 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 154,9 milyon manatı və ya 1,6 faizi sair daxilolmaların payına düşür.
2025-ci ilin 1-ci rübündə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 95,0 milyon manat və ya 2,2 faiz, gömrük orqanlarının xətti ilə 30,5 milyon manat və ya 2,2 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 1,8 milyon manat və ya 20,9 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən və digər mənbələrdən daxilolmalar üzrə 44,0 milyon manat və ya 17,8 faiz çox, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə icra edilmişdir (Qrafik 3).
Cari ilin 1-ci rübündə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə 425 milyon manat və ya 13,3 faiz, vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 98,9 milyon manat və ya 2,3 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 1,2 milyon manat və ya 13,0 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən və digər mənbələrdən daxilolmalar üzrə 13,5 milyon manat və ya 4,9 faiz çox vəsait daxil olub.
Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 50,9 faizini təşkil etməklə 4957,4 milyon manat olmuşdur ki, bu da proqnozla müqayisədə 164,6 milyon manat və ya 3,4 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 285,8 milyon manat və ya 6,1 faiz çoxdur.
Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 65,1 faizini və ya 3224,9 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 28,9 faizini və ya 1430,5 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 2,8 faizini və ya 136,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3,0 faizini və ya 154,9 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 10,4 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4,8 milyard manat təşkil edib ki, bu da proqnozla müqayisədə 6,7 milyon manat və ya 0,1 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 213,4 milyon manat və ya 4,7 faiz çoxdur.
2025-ci ilin 1-ci rübündə dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 24,2 faizi və ya 1,1 milyard manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 75,8 faizi və ya 3,6 milyard manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 49,6 faizi və ya 572,9 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 40,7 faizi və ya 471,1 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,7 faizi və ya 111,7 milyon manatı ABƏŞ-in mənfəət vergisi hesabına olub.
Dövlət büdcəsinin xərcləri. Cari ilin 1-ci rübündə dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət proqramları və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.
2025-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 8,1 milyard manat məbləğində icra edilməklə illik dövlət büdcəsi xərclərinin 19,6 faizinə bərabər olub.
Cari ilin 1-ci rübündə dövlət büdcəsi xərclərinin 5,1 milyard manatı və ya 62,2 faizi cari xərclərə (2024-cü ilin eyni dövrü ilə müqayisədə 83,9 milyon manat və ya 1,7 faiz çox), 2,6 milyard manatı və ya 31,8 faizi əsaslı xərclərə (2024-cü ilin eyni dövrü ilə müqayisədə 219,8 milyon manat və ya 9,3 faiz çox), 486,7 milyon manatı və ya 6 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2024-cü ilin eyni dövrü ilə müqayisədə 601,3 milyon manat və ya 55,3 faiz az) sərf edilib.
Bu ilin 1-cü rübündə sosialyönlü xərclər (büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) faktiki xərclərin 46,3 faizini (ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz-bənd çox) təşkil etməklə 3,8 milyard manat məbləğində icra olunub.
2025-ci ilin 1-ci rübündə funksional təsnifata uyğun olaraq kənd təsərrüfatı xərcləri 138,9 faiz və ya 334,5 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 130,6 faiz və ya 1241,4 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 120,8 faiz və ya 2027,9 milyon manat, təhsil xərcləri 104,2 faiz və ya 1029,2 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 101,3 faiz və ya 126,0 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 98,1 faiz və ya 1032,3 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 93,5 faiz və ya 596,6 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 87,0 faiz və ya 72,0 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 74,8 faiz və ya 281,0 milyon manat, səhiyyə xərcləri 70,2 faiz və ya 279,7 milyon manat, iqtisadi fəaliyyət xərcləri 63,0 faiz və ya 1055,9 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 52,0 faiz və ya 38,5 milyon manat icra edilib.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin 1-ci rübündə müdafiə və milli təhkükəsizlik xərclərinə 48,6 faiz və ya 663,4 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinə 42,6 faiz və ya 21,5 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 27,7 faiz və ya 27,3 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 14,4 faiz və ya 156,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq üzrə xərclərə 9,5 faiz və ya 51,7 milyon manat, təhsil xərclərinə 8,9 faiz və ya 84,4 milyon manat çox vəsait yönəldilib.
2025-ci ilin 1-ci rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərində illik nəzərdə tutulmuş vəsaitin 16,8 faizi həcmində və ya 451,7 milyon manat vəsait sərf olunmuşdur.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin 1-ci rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20,3 faizi həcmində və yaxud 812,3 milyon manat vəsait istifadə olunub.
Həmin vəsaitin 682,6 milyon manatı infrastruktur təyinatlı layihələrinin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 468,2 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 103,2 milyon manat, mövcud radio-televiziya yayımı stansiyalarının işinin bərpası, yeni yayım stansiyalarının qurulması, poşt və rabitə xidmətlərinin (telefon, internet, multimedia) təşkili məqsədilə infrastrukturun yaradılması, şəhərlərarası (rayonlararası) və yerli magistral telekommunikasiya xətlərinin və ərazilərdə radiomonitorinq sisteminin qurulması üçün 45,1 milyon manat, Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolunun layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi üçün 40,0 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisi işlərinin həyata keçirilməsi üçün 19,0 milyon manat və Sənaye Parklarının fəaliyyətinin təşkili, habelə onların ərazisində infrastrukturun yaradılması üçün 7,1 milyon manat), 109,7 milyon manatı səhiyyə, mədəniyyət və idman yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 20,0 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi tədbirləri üzrə xərclərə yönəldilib.
Ehtiyat fondlar üzrə xərclərin icrası
2025-ci ilin 1-ci rübündə bəzi xərclərin maliyyə təminatı üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 6,8 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 1,6 milyon manat, cəmi olaraq 8,4 milyon manat vəsait istifadə olunub.
Dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər, dövlət borcunun vəziyyəti
2025-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2,4 milyard manat məbləğində xərclər nəzərdə tutulub. Operativ məlumatlara əsasən cari ilin 1-ci rübündə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 110,4 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 376,3 milyon manat olmaqla (əsas borc üzrə 235,8 milyon manat, faiz borcu üzrə 140,5 milyon manat), ümumilikdə 486,7 milyon manatın ödənilməsi təmin edilib.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 aprel tarixinə xarici dövlət borcunun səviyyəsi 5,1 milyard ABŞ dolları təşkil edib. Operativ məlumatlara əsasən 2025-ci il 1 aprel tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil edib.
Operativ məlumatlara əsasən daxili dövlət borcunun səviyyəsi 2025-ci il 1 aprel tarixinə 18 milyard manat təşkil edib və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8 faizini təşkil edib.
İcmal büdcə
2025-ci ilin yanvar-mart aylarında icmal büdcənin gəlirləri 10744,3 milyon manat, xərcləri isə 9061,3 milyon manat icra olunmuşdur. İcmal büdcədə 1683,0 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.