Bakı. Trend:
Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı vardır. Həmin o proqram çərçivəsində biz “CAREC Təkmilləşdirilmiş Tranzit Sistemi və Məlumatların Ümumi Mübadiləsi” (CATS) layihəsi təşəbbüsünü irəli sürürük.
Trend-in xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Rəqəmsal gömrük və media” mövzusunda keçirilən seminarda məlumat verilib.
Bildirilib ki, bu sistem Qazaxıstan, Azərbaycan, Gürcüstan arasında elektron bəyənnamə və elektron qarantiya sisteminin qurulmasını özündə ehtiva edir:
"Sonradan müşahidəçi ölkələr kimi Türkmənistan, Pakistan və Türkiyənin də buraya qoşulması nəzərdə tutulur. Bununla bağlı protokolu imzaladığmız gündən simulyasiyalara başlamışıq və axırıncı mərhələdəyik. Məhsul hazırdır, amma hüquqi çərçivə lazımdır. Hüquqi çərçivə də müqavilə ilə olacaq. O müqavilə sadalanan ölkələrə göndəriləcək. Ratifikasiya olunduqdan sonra prosesə start veriləcək".
"Bu sistemin həyata keçirilməsi ilə bəyannamə prosesi sadələşdiriləcək, maliyyə riskləri ilə bağlı texniki həllər təqdim ediləcək", - deyə qeyd olunub.