Bakı. Trend:
İran Amerikanın İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyalara görə Vaşinqtonla birbaşa danışıqlar apara bilmir.
Trend xəbər verir ki, bunu İranın XİN rəhbəri Abbas Araqçı Moskvada Rusiyalı həmkarı Sergey Lavrovla verdiyi birgə mətbuat konfransında bildirib.
“Hazırda biz yalnız vasitəli danışıqlar aparacağıq. ABŞ-nin səsləndirdiyi təhdidlər səbəbilə, habelə, ölkəmizə qarşı tətbiq olunan iqtisadi sanksiyalara və təzyiqlərə görə, biz onlarla birbaşa danışıqlar apara bilmərik”,- iranlı ali diplomat ikitərəfli görüşün nəticələrinə dair mətbuat konfransında söyləyib.
İran XİN rəhbəri eyni zamanda, iki ölkə arasında razılaşmanın əldə olunmasının yalnız Vaşinqtonun öz niyyətlərinin ciddi olduğunu nümayiş etdirəcəyi və Tehrana qeyri-real şərtlər qoymayacağı təqdirdə mümkün olacağını diqqətə çatdırıb.
Qeyd edək ki, İranla Amerika Bİrləşmiş Ştatları arasında vasitəli danışıqlar 12 aprel tarixində Omanda baş tutub.İran tərəfini XİN rəhbəri Abbas Araqçı, ABŞ tərəfini isə Ağ Ev Rəhbəri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib.