Bakı. Trend:
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyanla telefon danışığı ilk baxışdan adi diplomatik təqvim hadisəsi kimi görünə bilərdi. Fəqət bölgədə geosiyasi layların yerindən oynadığı, hərəkətə gəldiyi və qeyri-sabitliyin zirvə həddinə çatdığı bir vaxtda bu söhbət sadəcə protokol xatirinə edilən zəng deyildi. Xüsusilə də rəsmi İrəvanın açıq şəkildə anti-Rusiya kursu götürdüyü, Moskvanın isə hələ də “müttəfiqlik səmimiyyəti” dili ilə danışmağa çalışdığı bir məqamda.
Rusiya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, söhbət “konstruktiv məcrada” keçib və Moskva “Ermənistan-Türkiyə normallaşmasına dəstək verməyə hazırdır”. Bu yumşaq və diplomatik dillə verilmiş açıqlamanın arxasında isə Bakının çoxdan cavab tələb etdiyi ciddi suallar dayanır: Rusiya və Ermənistan həqiqətən müttəfiqdir, yoxsa biri artıq Qərbə tərəf dönüb, digəri isə hələ də bu yaxınlığı süni şəkildə saxlayan dövlətlərdir?
Yaşanan olayların mahiyyətini dəqiq anlamaq üçün 2025-ci ilin mart ayından başlayaraq Rusiyanın Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərindən sərhədçilərini geri çəkməsini qeyd etmək vacibdir.
Martın əvvəlindən bəri 650-dən çox rusiyalı hərbi qulluqçu və texniki personal Gümrü və Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Meğridə nəzarətində olan obyektləri tərk edib.
Bu proses 2024-cü ilin dekabrında Ermənistan parlamentində qəbul edilən qanunun nəticəsidir. Qanun ilk dəfə olaraq ölkənin xarici sərhədləri üzərində “milli nəzarət”i prioritet elan edirdi. Nəticədə Moskva faktiki olaraq Ermənistanla Türkiyə arasındakı nəqliyyat arteriyasına nəzarət imkanını itirir. Əvəzində isə İrəvan ümidini ya öz resurslarına, ya da Avropa İttifaqının müşahidə missiyalarına bağlayır.
Bu “səssiz boşanma” fonunda Rusiya XİN-in Ermənistan-Türkiyə münasibətlərinə yardım etməklə bağlı bəyanatı diplomatiya dilində üzünü qorumağa çalışmaq cəhdi kimi görünür. Digər sözlə desək - “söhbət masasından qovulduğun halda belə, prosesə təsir etməyə çalışmaq”.
Formal olaraq Moskva “Cənubi Qafqazda sabitlik və dayanıqlı inkişaf” maraqlarından çıxış etdiyini bildirir. Halonki gerçək hədəflər tamam başqadır. Moskva Milli Strategiya İnstitutunun rəhbəri, professor Mixail Remizovun deyir: "Rusiya bu bölgədə oyunda qalmaq üçün son imkanlardan yapışır, halbuki onun strateji təsir imkanları sistemli şəkildə zəifləyir".
Bu zəifləmə isə xarici təzyiqlərdən yox, Ermənistana qarşı siyasi korluqdan qaynaqlanır. Kreml İrəvanın Avropa İnsan Hüquqları Məhkəməsindəki demarşlarını da, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) açıq boykotunu da cavabsız buraxıb.
Əslində Moskva indi prosesin aparıcısı olmaq istəyir, halbuki artıq Ankara və Brüssel bu dialoqu idarə edir. Və paradoks ondadır ki, nə Türkiyə, nə də Qərb bu prosesdə Rusiyanın vasitəçiliyini istəyir.
"The Jerusalem Post" qəzetinin siyasi şərhçisi Conatan Spayer açıq yazır: “Ermənistan formal olaraq Rusiya ilə hərbi-siyasi ittifaqlarda qalır, amma onun davranışı Qərblə təhlükəsizlik arxitekturası quran dövlətlərə xasdır. Bu - köhnə ritorika ilə örtülmüş siyasi ikiüzlülükdür”.
Doğrudan da, 1997-ci il müttəfiqlik sazişi və KTMT üzvlüyü artıq kağız üzərində olan institusional formalıqlardır. Bunu təsdiqləyən faktlara nəzər salaq:
1. 2022-ci ildən bəri Ermənistan KTMT təlimlərində iştirak etmir
2. 2023-cü ildə ABŞ ilə “Eagle Partner” adlı birgə hərbi təlimlər Gümrü yaxınlığında keçirilib
3. 2024-cü ilin dekabrında Ermənistan KTMT Parlament Assambleyasındakı fəaliyyətini dondurub
4. Bu ilin martında Ermənistan parlamenti fövqəladə hallarda Rusiyanın hərbi bazalarının rolunu məhdudlaşdıran qanun qəbul etdi.
... Bütün bunlardan sonra Ermənistan Rusiyanın müttəfiqidirmi, yoxsa sadəcə siyasi manipulyator?
Türkiyə üçün Ermənistanla normallaşma humanist addım yox, geoiqtisadi kalkulyasiyadır. Ankara bu yolla Orta Asiyaya və Çinə uzanan quru yol marşrutlarını açmaq istəyir. Amma bu zaman Bakı ilə strateji ittifaqı bir an belə unutmur. Prezident Rəcəb Tayyib Ərdoğan 2024-cü ilin dekabrında açıq bildirmişdi: “Azərbaycan-Ermənistan məsələləri həll olunmadan Cənubi Qafqazda sabitlik mümkün deyil”.
Bu isə o deməkdir ki, Türkiyə Ermənistanla yaxınlaşmaya açıqdır - amma heç bir halda Azərbaycanın maraqları bahasına deyil. Belə mövqe isə Moskvanın mövqeyindən kəskin şəkildə fərqlənir. Çünki Rusiya hələ də Ermənistana “nazlı balaca qardaş” kimi yanaşır, onun səhvlərini bağışlamağa hazır görünür.
Rusiya Xarici İşlər Nazirliyinin son açıqlamasında “3+3” (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya, İran) formatının yenidən vurğulanması diqqətdən yayınmadı. Formal olaraq mexanizm “regional əməkdaşlıq platforması” kimi təqdim olunur. Ancaq reallıqda model yarımçıq və funksionallıqdan uzaqdır, çünki Gürcüstan Rusiya işğalçı dövlətdir deyərək bu formatda iştirakdan ardıcıl şəkildə imtina edir.
Nəticədə “3+3” adı ilə təqdim olunan struktur əslində “2+3 birinə qarşı” modeli ilə işləyir. Belə ki, Rusiya, İran və Türkiyə Ermənistan və Azərbaycanla “bərabərhüquqlu tərəfdaşlar” kimi masaya oturduqlarını desələr də, faktiki olaraq bu model regiondan Qərbin sıxışdırılmasından sonra yaranan strateji boşluğu doldurmaq cəhdidir.
EU Observer nəşrinin analitiki Daniel Halton deyir: "Gürcüstan olmadan "3+3" formatı real regional dialoq üçün platforma deyil, sadəcə İran və Rusiyanın ambisiyalarını legitimləşdirmə vasitəsidir”.
Bu, xüsusilə bu günlərdə daha aydın görünür: İran Naxçıvan istiqamətində hərbi-logistik təzyiqi artırır, türk marşrutlarının bloklanmasına çalışır. Tehran bununla həm Ankara, həm də Bakı ilə balanslı münasibətlər qurmaq istəmədiyini nümayiş etdirir.
Rəsmi Bakı baş verənləri illüziyalarla yox, geosiyasi rasionalizmlə qiymətləndirir. Ermənistanla Türkiyə arasında normallaşma mümkündür, lakin Azərbaycanın suverenliyi, regiondakı subyektivliyi və maraqları hesabına yox.
Ölkəmizin mövqeyi sadə və konkretdir: Cənubi Qafqazda hər hansı sabitlik yalnız 44 günlük müharibədən sonra formalaşmış yeni reallıqların qəbuluna əsaslana bilər.
Ermənistanla Rusiya “telefon danışıqları” aparmaqla və sərhədçilərini geri çəkməklə məşğul olduğu bir vaxtda Bakı magistrallar tikir, Zəngəzuru bərpa edir və Türkiyə, İran, Gürcüstanla vasitəçilərsiz, açıq dialoq qurur. Və bu – söz yox, hərəkət dilidir.
Son iki həftə ərzində dünyanın müxtəlif beyin mərkəzlərinin analitikləri Moskva ilə İrəvan arasında artan uçurumu və Rusiyanın regiondakı təsir alətlərini qorumağa cəhdlərini şərh etdilər.
ABŞ-nin Xarici Münasibətlər Şurasının (CFR) keçmiş rəhbəri Riçard Haas "Foreign Affairs" dərgisində yazıb: “Ermənistan keçmiş metropoliyadan uzaqlaşmağın klassik modelini nümayiş etdirir - sürətli, qəfil və minnətsiz. Moskva isə elə davranır ki, guya heç nə dəyişməyib. Bu, reallıqla ziddiyyət təşkil edən diplomatik şizofreniyadır”.
İsrailin nüfuzlu "Jerusalem Center for Public Affairs" mərkəzinin analitki Avi Ben Menaxemin mövqeyi isə daha sərtdir: "Ermənistan ABŞ kanalları vasitəsilə Türkiyəni qıcıqlandırmağa çalışır, guya ki, arxasında hərbi təminat var. Əslində isə belə təminat yoxdur. Rusiya isə bunu sakit şəkildə müşahidə edir, çünki Cənubi Qafqazda sonuncu “müttəfiqini” itirməkdən qorxur”.
Eyni zamanda, Ermənistanın şərq sərhədləri daha da təhlükəli zonaya çevrilir. Mart ayında keçirilən ABŞ-Ermənistan hərbi təlimlərinə qəzəbli reaksiya göstərən İran, artıq aprel ayında Zəngilan sərhədi boyunca əlavə SEPAH ("Korpuse Sepahe Pasdaran") qüvvələri yerləşdirib. "Mehr News Agency" bunu “Tehranın İrəvana və Moskvaya birbaşa mesajı” adlandırıb: “Qərbin regiona müdaxiləsi bloklanacaq”.
Azərbaycan Ermənistan-Türkiyə normallaşmasında formal iştirak etmir. Amma bu prosesin uğuru üçün əsas şərtləri məhz Bakı müəyyən edir.
Sərhədlərin açılması? Yalnız delimitasiya və sülh sazişindən sonra.
Ticarət? Yalnız qarşılıqlı ərazi bütövlüyünün tanınması fonunda.
Nəqliyyat? Yalnız Zəngəzur dəhlizi çərçivəsində, heç bir “erməni tranzit eksklüzivi” olmadan.
Rəsmi Bakı dəfələrlə bəyan edib: Azərbaycanın iştirak etmədiyi hər hansı regional anlaşma – perspektivsiz və təhlükəlidir.
Ermənistan anlamalıdır: tarixi manipulyasiya etmək olar, amma coğrafiyanı – əsla. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Bütün regionda sabitlik və inkişaf yalnız bu əlaqənin möhkəm təməli üzərində mümkündür. Əgər Ermənistan bu reallığı görməzdən gəlib öz marşrutunu cızmağa çalışarsa, bu cəhd ya infrastruktur, ya diplomatik səviyyədə sabotaja məruz qalacaq.
Rusiya Xarici İşlər Nazirliyinin İrəvana yönəlmiş yumşaq ritorikası sərtləşməlidir.
Moskva Ermənistanın diplomatik təhqirlərinə cavab vermək əvəzinə, hələ də “konstruktiv dialoq” çağırışları edir. Halbuki Ermənistan Cənubi Qafqazın “balaca Ukraynası”na çevrilir – Qərbyönlü, avantürist və zəif təməl üzərində. Rusiya isə öz təsir alətlərini itirir – sərhədçilərsiz, etimadsız və qarant imicindən məhrum. Bu arada Qərb regiona daxil olur – Ermənistanda Avropa İttifaqının humanitar missiyaları, NATO təlimləri, QHT-lər vasitəsilə.
Yaşanan prosesləri Bakı sadəcə müşahidə etmir – prosesləri geostrateji kapitala çevirir. Azərbaycan Şərqlə Qərb arasında əsas körpü, regionun enerji mərkəzi və Türkiyə, Orta Asiya və Avropa üçün etibarlı tərəfdaş olaraq irəliləyir. Əksinə, Ermənistanın rolu getdikcə “loyallıq ünvanını dəyişən regional dilənçiyə” bənzəyir.
Ermənistan artıq nümayiş etdirdi ki, onun üçün müttəfiq anlayışı
dəyər yox, alətdir.
Moskva bu alətin yalnız ilk “qurbanıdır”. Növbədə isə - çox güman -
Türkiyədir. İrəvan və Ankara arasında “yeni dövrün başlanğıcı” kimi
təqdim olunan pafoslu açıqlamalara baxmayaraq, əksər türkiyəli
analitiklər ehtiyatlı olmağa çağırırlar.
SETA Strateji Araşdırmalar Mərkəzinin analitiki Mehmet Ali Tuğralın fikirləri maraqlıdır: "Ankara ümumilikdə İrəvanla praqmatik yaxınlaşmada maraqlıdır, amma biz anlayırıq ki, Ermənistanın siyasi elitası normallaşmanı Rusiyadan uzaqlaşmaq üçün taktiki vasitə kimi istifadə edir. Sabah gərginlik yaranan kimi Ermənistan Türkiyəni günahlandıracaq və yenidən Qərbə sığınacaq. Bu əməkdaşlıq deyil – bu, sadəcə maraqların müvəqqəti üst-üstə düşməsidir”.
Bu “müvəqqəti uyğunluq” artıq sınaqdan keçirilir. Aprelin əvvəlindən etibarən erməni mətbuatında yenidən “tarixi məsuliyyət”, “arxivlərin açılması”, hətta “soyqırımı” üzrə yeni parlament qətnamələrinin təşəbbüsü müzakirəyə çıxarılıb. Bu isə məhz Türkiyənin dialoqa təşəbbüs göstərdiyi bir məqamda baş verir.
Avropa İttifaqı və ABŞ hazırda Ermənistana “regional müxalifətçi” statusu ilə sərmayə yatırır. 2025-ci ilin yalnız birinci rübündə Aİ , guya Ermənistan-Azərbaycan sərhədində “humanitar infrastruktur”un inkişafı üçün 54 milyon avro ayırıb. Fransa tank əleyhinə silahlar və İrəvandakı hərbi attaşelik strukturunun genişləndirilməsi də daxil olmaqla hərbi yardımı 100 milyon avroya çatdırıb. ABŞ zabit heyətinin hazırlanmasında iştirak etmək üçün Ermənistana 30-dan çox hərbi müşavir göndərib. Amma bu yatırımların regionun sabitliyini pozan növbəti erməni təxribatı üçün istifadə olunmayacağına heç kim zəmanət vermir. Və bu təxribatlar “demokratik müttəfiqlik” pərdəsi altında gizlədilir.
Rusiyanın Ermənistanı hələ də “müttəfiq” adlandırması - siyasi reallığın inkarıdır. Rusiya geosiyasi məğlubiyyətini qəbul etməkdən qorxur, Ermənistan isə bu vəziyyətdən istifadə edərək resurs, dəstək və legitimlik qazanır, eyni zamanda Vaşinqton və Parislə körpülər qurur.
Bəhs etdiyimiz kontekstdə Moskvanın Ermənistan-Türkiyə yaxınlaşmasına yardım etməyə çalışması yaxşı niyyət deyil, bu ümidsizlik jestidir. Əgər bu proses Azərbaycanın maraqları ilə ziddiyyət təşkil edərsə, Bakı tərəfindən diplomatikdən logistikaya qədər bütün səviyyələrdə sərt, ardıcıl və strateji reaksiya ilə qarşılanacaq.
Cənubi Qafqaz artıq nə 2008-dir, nə 2016. Bəziləri hələ də “konstruktiv danışıqlar” aparmağa çalışdığı vaxt, digərləri “konstruktiv reallıq” inşa edir. Tarix isə sübut edəcək - qələbəni danışanlar yox, quranlar qazanır.
Ermənistan-Türkiyə normallaşması ətrafında yaranmış situasiya, xüsusilə Rubinyan və Qaluzin arasında keçirilən telefon danışığından sonra, bütün tərəflər üçün geosiyasi lakmus kağızına çevrildi. Rusiya üçün bu, həqiqət anıdır – müttəfiqlik institutlarına hər gün hörmətsizlik edən İrəvanı hələ də regional zəmanətçi kimi müdafiə etməyə davam edəcəkmi? Türkiyə üçün bu, seçim anıdır – İrəvanla yaxınlaşma, Bakının hesabına baş verəcəkmi? Ermənistan üçün isə bu, tələyə düşmək anıdır – doğrudanmı düşünürlər ki, hər kəslə eyni anda manipulyasiya etmək mümkündür?
Amma yalnız sistemli şəkildə hərəkət edən qalib gələcək. Bugünkü Cənubi Qafqazda bu dövlətin adı Azərbaycandır. Heç bir ciddi regional model – istər iqtisadi, istər logistik, istər infrastruktur – Bakının maraqları nəzərə alınmadan həyata keçirilə bilməz.
Moskva hələ də inanırsa ki, regionda vasitəçi rolunu Bakısız oynamaq olar - tezliklə əksini görəcək. Ya uğursuzluqlar, ya itkilər, ya da diplomatik təcrid yolu ilə.
Cənubi Qafqazın siyasi xəritəsi artıq keçmiş imperiyaların kabinetlərində çəkilmir. O, bu gün Füzuli və Cəbrayıldakı tikinti meydançalarında, Batumidəki limanlarda, Kəpənə gedən yollarda çəkilir.
Bir daha vurğulayaq: müttəfiq olmaq üçün zəng yetmir. Müttəfiqlik hörmət, dürüstlük və ortaq məqsədlər üzərində qurulur. Rusiya da, Ermənistan da bu dəyərləri nümayiş etdirmir. Amma Azərbaycan artıq çoxdan fərqləndirməyi öyrənib - dostu tərəfdaşdan, tərəfdaşı yoldan keçəndən.
Və bu yetkinlik bizim əsas strateji kapitalımızdır.