Bakı. Trend:
“Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb Baş İdarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, həmçinin, “Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Penitensiar xidmətinin və Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”, “Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğləri” də yeni redaksiyada təsdiq edilib.
Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunub ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri barədə müvafiq qərar qəbul etsin.
Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.