...

Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 18 Aprel 2025 17:00 (UTC +04:00)
Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər.

Trend-in bölgə müxbiri xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov nümayəndə heyətinə şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə danışıb.

Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir.

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinin Qarabağ küçəsində həyata keçirilən tikinti işləri ilə tanış olublar. Məlumat verilib ki, bu küçədə dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır. İnşa olunan binalar arasında mehmanxana, ofislər, iaşə obyektləri var. Tikinti işləri şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir. Binaların tikintisində Şuşa daşlarından istifadə olunaraq, Şuşanın tarixi-mədəni abidələrinə uyğunlaşdırılır. Bu binaların inşası tarixi Azərbaycan şəhəri olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir.

Nümayəndə heyəti sonra Aşağı Gövhər Ağa məscidinə gəlib. Məlumat verilib ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşa şəhəri tarixən yuxarı və aşağı olmaqla 17 məhəllədən ibarət olub. Aşağı Gövhər Ağa məscidi şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb.

Səfər çərçivəsində xarici diplomatlar Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə də tanış olublar. Bildirilib ki, təməli 2021-ci ildə qoyulan yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilib. İyirmi üç binadan ibarət yaşayış kompleksində keçmiş şuşalıların rahat yaşaması üçün hər cür şərait yaradılıb.

XXX

14:45

Qarabağda səfərdə olan diplomatik korpusun nümayəndələri Xankəndi şəhərindən sonra Şuşaya səfəri başlayıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyəti Şuşa şəhərinə çatıb. Qonaqları Azərbaycan respublikasının prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayıb. Qonaqlara şəhər haqqında ətraflı məlumat verib. Nümayəndə heyəti burada aparılan tikinti bərpa və quruculuq işləri ilə tanış olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti