Bakı. Trend:
Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 50,9 faizini təşkil etməklə 4,957 milyard manat olub.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu da proqnozla müqayisədə 164,6 milyon manat və ya 3,4 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 285,8 milyon manat və ya 6,1 faiz çoxdur.
Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 65,1 faizini və ya 3,225 milyard manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 28,9 faizini və ya 1,430 milyard manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 2,8 faizini və ya 136,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3,0 faizini və ya 154,9 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 10,4 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.
Qeyd edək ki, bu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9,733 milyard manat, xərcləri 8,115 milyard manat olub, 1,618 milyard manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Dövlət büdcəsinin gəlirləri 9,562 milyard manat proqnoza qarşı 9,733 milyard manat və yaxud 171,3 milyon manat (1,8 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,4 faiz və ya 499,2 milyon manat çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 25,4 faizinə bərabər olub.
Dövlət büdcəsinin xərcləri 8,115 milyard manat məbləğində icra edilməklə illik dövlət büdcəsi xərclərinin 19,6 faizinə bərabər olub.