Bakı. Trend:
Qarşıdakı günlərdə Ukrayna ilə bağlı danışıqlarda hər hansı irəliləyiş əldə olunmasa, ABŞ Rusiya-Ukrayna sülh sazişi üçün vasitəçilik səylərini dayandıra bilər.
Trend xəbər verir ki, belə bir xəbərdarlıq ABŞ dövlət katibi Marko Rubiodan gəlib.
Parisdə çıxış edən amerikalı ali diplomat Ukrayna münaqişəsinin nizamlanmasının vacib olduğunu vurğulasa da, “ABŞ-nin diqqətini tələb edən ondan daha vacib prioritetlərin olduğunu” diqqətə çatdırıb.
“Biz üç il ərzində Ukraynaya dəstək olmuşuq, ona milyardlarla dollar sərf etmişik, amma indi biz başqa şeylərə diqqət yetirməliyik”, - deyə o əlavə edib.
Diplomatın sözlərinə əsasən, bu səbəbdən ABŞ yaxın günlərdə nizamlanma ilə bağlı razılaşmanın əldə olunub-olunmayacağı ilə bağlı ehtimalları təhlil edəcək. Razılaşma əldə olunmasa, prezident Donald Tramp başqa prioritet mövzulara diqqət ayıracaq.