Bakı. Trend:
Cari ilin birinci rübünün sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarları alətləri portfelinin 46,5%-ni AAA reytinqli alətlər təşkil edib.
Trend bu barədə Fonddan məlumat əldə edib.
Məlumata görə, AAA reytinqli alətlərə investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 19,9% azalıb. Belə ki, 2024-cü ilin martın sonuna ARDNF-nin istiqrazlar və pul bazarları alətləri portfelində AAA reytinqli alətlərin payı 66,4% olub.
Bununla yanaşı cari ilin hesabat dövründə Fondun investisiya portfelində AA reytinqli alətlər 23,4%, A reytinqli alətlər 17,3%, BBB reytinqli alətlər 12,4%, qeyri-investisiya dərəcəli alətlər isə 0,4% təşkil edib.
Qeyd edək ki, AAA reytinqi ən yüksək kredit reytinqidir və bir maliyyə alətinin və ya emitentin (yəni borc alanın) maliyyə sabitliyinin və borcunu vaxtında ödəmə qabiliyyətinin çox güclü olduğunu göstərir. Bu alətlərə sərmayə qoymaq çox təhlükəsiz sayılır.
AA reytinqi də çox yüksək etibarlılıq deməkdir, lakin AAA-dan bir pillə aşağıdır. Bu səviyyəli borcalanlar da borclarını ödəmək qabiliyyətinə malikdirlər, lakin risk çox az da olsa AAA-dan bir qədər yüksəkdir. Gəlirliliyi isə AAA alətlərindən bir az çox ola bilər.
A reytinqi yaxşı kredit keyfiyyəti deməkdir. Bu alətlər sabit gəlir gətirə bilər və ümumilikdə etibarlıdırlar, lakin iqtisadi və maliyyə dəyişikliklərindən daha çox təsirlənə bilərlər.
BB reytinq investisiya alətləri borcun qaytarılması baxımından kifayət qədər etibarlıdır, lakin iqtisadi vəziyyətdə ciddi dəyişiklik olsa, risklər arta bilər. Gəliri isə artıq A və AA reytinqli alətlərdən yüksək ola bilər.
Qeyri-investisiya dərəcəli alətlər artıq spekulyativ və yüksək riskli hesab olunur. Kredit reytinqi BBB-dən aşağı olan alətlər bu qrupa daxildir (BB, B, CCC və s.). Bu alətlər risklidir. Amma gəlirləri yüksək ola bilər, çünki investorlar bu riskə görə daha çox qazanc gözləyirlər.