Bakı. Trend:
Siyasi əlaqələr baxımından Sloveniya ilə diplomatik münasibətlərin qurulduğu 30 ilə çox məmnunluqla baxırıq. Bu müddət ərzində ölkələrimiz arasında münasibətlərin yaxşı, intensiz və səmimi dialoq forması aldığını görürük.
Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sloveniyalı həmkarı ilə birgə Bakıda keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, iki ölkənin iqtisadi potensialı, inkişaf səviyyəsini nəzərə alaraq bir sıra istiqamətlərdə daha böyük nailiyyətlər əldə etmək mümkündür:
“Son inkişaflar bizi sevindirir, lakin təbii ki, arxayın edə bilməz. Enerji sahəsində çox spesifik müqavilələri qeyd etdik. Hesab edirik ki, bu çox önəmli mərhələdir. İmzalanan sazişlə ölkələrimizin enerji sahəsində daha böyük imkanları olacaq”.
XİN rəhbəri əlavə edib ki, bu gün ilk dəfə olaraq keçirilən Birgə İşçi Qrupunun görüşü bu və ya digər sahələrdə inkişaf istiqamətlərini müəyyən etmək baxımından önəmli alət olacaq.
“Bunun mütəmadi əsasda keçirilməsini arzu edirik və düşünürük ki, belə də olacaq. Həmin görüşlə paralel olaraq Biznes Forumun keçirilməsi nəzərdə tutulur. 30 illik yubiley ili olan 2026-cı ildə başlanan prosesin əməli nəticələrini əldə etməyi düşünürük”, - C.Bayramov fikrini tamamlayıb.