Bakı. Trend:
Azərbaycan və Çin arasında 1992-ci ilin aprelində diplomatik əlaqələrin qurulmasından bəri münasibətlər çoxşaxəli əsasda dinamik inkişaf mərhələsinə qədəm qoyub. Ötən dövr ərzində ölkələrimizin əməkdaşlığı siyasi, iqtisadi, mədəni və strateji sahələrdə davamlı olaraq genişlənib. Hər iki ölkə qlobal geosiyasətdə, geoiqtisadiyyatda dəyişən dinamikaya çevik, adekvat reaksiya sərgiləyirlər. Bu, qarışılıqlı münasibətlərin dərinləşməsinə xidmət etməklə yanaşı, regional sabitlikdə, inkişafda da böyük əhəmiyyət kəsb edir. Proseslərin bu məcrada cərəyan etməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin səyləri xüsusi rol oynayır. Liderlər arasında qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlər və mütəmadi təmaslar iki ölkənin əlaqələrinin yüksəlişinin mühüm hərəkətverici qüvvələrindən biri hesab olunur.
Bu gün iqtisadi əlaqələr Azərbaycan-Çin əlaqələrinin mərkəzi sütununa çevrilib. Azərbaycan Çinin “Bir kəmər və bir yol” təşəbbüsünə qoşulanlar cərgəsindədir, bu kontekstdə iki ölkə arasında iqtisadi münasibətlərdə yüksək dinamizm qeydə alınır, ticarət dövriyyəsi davamlı şəkildə artır. Şərqlə Qərb arasında əsas tranzit ölkə kimi Azərbaycan Çinin qədim İpək Yolunu canlandırmaq səylərində strateji rol oynayır. Çin Azərbaycanın Orta Dəhlizdə mühüm əlaqələndirici ölkə qismində qəbul edir. Rusiyadan yan keçməklə Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Avropaya birləşdirən bu nəqliyyat marşrutu geosiyasi gərginliklər fonunda getdikcə daha cəlbedici xarakter daşıyır.
Bundan əlavə, ABŞ ilə Çin arasında “rüsum savaşı”nın şiddətlənməsi Pekinin Avropa istiqamətində ixraca daha çox diqqət yetirməsini şərtləndirir. Artıq Prezident Donald Trampın administrasiyası Çindən ABŞ-a idxal olunan müəyyən növ mallara 245 faizə qədər rüsum tətbiq edə biləcəyini bəyan edib. Çin isə öz növbəsində ABŞ-dən gətirilən məhsullar üçün 125 faizlik rüsum müəyyənləşdirib. Bu şəraitdə dünyanın ən böyük ixracatçısı kimi Çin öz potensialını qorumaq üçün digər istiqamətlərə, o cümlədən Avropaya daha çox diqqət yetriməyə məcburdur. Rusiya-Ukrayna müharibəsi fonunda birincinin üzərindən Avropaya ixrac çətinləşdirindən Çin diqqətini əsas etibarı ilə Orta Dəhliz, bu marşrutda xüsusi rola malik Azərbaycan üzərində cəmləşdirir. Məhz bu kontekstdə Azərbaycan üzərindən daha çox Çin məhsullarının Avropaya və əksinə axını müşahidə edilir. Yükdaşımaların həcminin bundan sonra da artan xətt üzrə inkişaf edəcəyi proqnozlaşdırılır. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması məqsədilə həyata keçirilən genişmiqyaslı layihələr indi həm Çin, həm də Avropa üçün böyük önəm kəsb edir. Bunun sayəsində son illərdə yükdaşımaların həcmində davamlı artım qeydə alınır. Təkcə 2024-cü ildə Azərbaycan və Çin arasında tranzit daşımalarının həcmi 86 faiz artıb.
Bununla yanaşı, Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi ötən il 21 faiz artaraq 3,7 milyard ABŞ dollarına çatıb. Artım dinamikası cari ilin ötən dövründə də qorunub. Prezident İlham Əliyevin Çinə bu ay reallaşacaq səfəri çərçivəsində iqtisadi münasibətlərin daha da dərinləşməsinə xidmət edən yeni sənədlər imzalanacaq.
O da qeyd olunmalıdır ki, turizm sahəsində əlaqələr müsbət şəkildə inkişaf edir və bu prosesdə Azərbaycanın Çin vətəndaşları üçün birtərəfli qaydada vizanı ləğv etməsi mühüm rol oynayıb. Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında səslənən fikirlərdən isə belə məlum olur ki, Azərbaycan Prezidentinin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişin imzalanması gözlənilir. Bu, ölkələrimiz arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək. Ümumiyyətlə, Prezident İlham Əliyevin Çinə səfərinin iki ölkə arasındakı münasibətləri yeni mərhələyə yüksəldəcəyi heç bir şübhə doğurmur. Bu, hər iki ölkənin maraq dairəsində yer alır. Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Ci ölkəsinin Qafqaz regionunda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini və milli-iqtisadi maraqlara uyğun bütün təşəbbüsləri dəstəklədiklərini vurğulayır.
Münasibətlər digər istiqamətlərdə də dinamik inkişaf dövrünü yaşayır. Bir neçə gün öncə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonu qəbul edən Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin yaxşı inkişaf dinamikasının olduğunu və bir çox sahələri əhatə etdiyini bildirib. Dövlət başçısı onu da vurğulayıb ki, ötən il Si Cinpinlə görüşünün nəticələrinə əsasən qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” dostluq, tərəfdaşlıq və əməkdaşlığımızın nümayişi olmaqla, qarşılıqlı fəaliyyətimizin səviyyəsini yüksəldib.
Qeyd edilməlidir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Sənəd Azərbaycan və Çin münasibətlərinin inkişafında yeni səhifə açmaqla yanaşı, tərəflərin hər birinin maraqlarının təmin olunmasında da “yol xəritəsi” hesab edilir. Birgə Bəyannamə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılığı özündə ehtiva edir. Eyni zamanda ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət də sənədin ən vacib bəndlərindən biridir. Çin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. İşğaldan azad edilmiş ərazilərin bərpasında Çin şirkətləri yaxından iştirak edirlər və bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirməkdə maraqlıdırlar. Azərbaycan da “vahid Çin” siyasətinə sadiqdir, Tayvanı bu ölkənin tərkib hissəsi kimi tanıyır.
Bu və digər sahələr üzrə dərinləşən münasibətlər kontekstində Azərbaycan-Çin münasibətləri strateji əməkdaşlığı xarakterinə malikdir. Qarşıdakı dövr ərzində Azərbaycan-Çin tərəfdaşlığının xüsusilə rəqəmsal infrastruktur, yaşıl enerji və logistika kimi sahələrdə daha dinamik inkişafı gözlənilir. Hər iki ölkə sürətlə dəyişən qlobal mühitə uyğun olaraq, praqmatik əməkdaşlığını daha da genişləndirməkdə maraqlı tərəf kimi çıxış edirlər. Bundan əlavə, Azərbaycan Çinin təklif etdiyi qlobal inkişaf, qlobal təhlükəsizlik və qlobal sivilizasiya təşəbbüslərini dəstək verir. Öz növbsində Çin mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi Azərbaycanın “Bakı Prosesi” təşəbbüsünü və onun çərçivəsində toplanan Ümumdünya Forumları ilə bağlı səylərini dəstək ifadə edir. Həmçinin, Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayır, qurumda Azərbaycanın hüquqi statusunun yüksəldilməsini, BRICS əməkdaşlığında Azərbaycanın iştirakını dəstəkləyir. Bütün bunlar ölkələr arasında qarşılıqlı münasibətlərin yüksəliş mərhələsinin davam edəcəyini göstərir.
MTM Analitik Qrup