Bakı. Trend:
Biz birja daxilində ticarət platformasının daha da möhkəmləndirikməsi, daha tez bazara inteqrasiya olunması mövzusunda son 3-4 ay ərzində texniki diaqnostika apardıq.
Trend xəbər verir ki, bu sözləri Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov jurnalistlərlə görüşdə deyib.
Onun sözlərinə görə, artıq bu diaqnostikaların nəticələri hazırdır və bunun əsasında strategiyada daxili infrastruktur dəyişikliklərinin içərisində üç müxtəlif istiqamət var:
"Bu istiqamətlərə bu il və növbəti illərdə daha ciddi fikir veriləcək".
"Burada birjanın kapital bazarlarını qaldırmasının iki dəstək yolu var. Kommersiya istiqaməti bazar iştirakçıları ilə aktiv görüşlər keçirib, onları bazara cəlb eləsin. Və texniki həllər o qədər yerində olsun ki, istənilən şəxs əməkhaqqı aldığı bankın və ya işlədiyi investisiya fondunun mobil tətbiqi ilə birjada istədiyi kağızı bir kliklə alıb, sata bilsin.
Bizim hazırda da keçən ildən başlayaraq apardığımız işlər bu istiqamətdədir. Bu proses çərçivəsində daxili kadr komandası möhkəmləndirildi, korporativ idarəçilik quruldu, komitələrə yenidən baxıldı, müəyyən listinq, ticarət qaydaları dəyişdirildi", - deyə sədr bildirib.