Bakı. Trend:
Qırğızıstanın birinci instansiya məhkəməsi keçmiş prezident Almazbek Atambayevi kriminal avtoritet Əziz Batukayevi azadlığa buraxmaqda təqsirli bilib. Lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən sabiq dövlət başçısına qarşı heç bir həbs müddəti təyin olunmayıb.
Trend xəbər verir ki, bu barədə TASS keçmiş Qırğızıstan prezidentinin vəkili Sergey Slesarevə istinadən məlumat yayıb.
“Batukayev işi üzrə artıq hökm çıxarılıb. Atambayev təqsirli bilinib, lakin müddətin keçməsi səbəbindən ona cəza verilməyib”, – deyə vəkil bildirib.
Məhkəmə keçmiş qırğız liderin 2013-cü ilin aprelində 16 il müddətinə azadlıqdan məhrum edilmiş kriminal avtoritetin qanunsuz olaraq vaxtından əvvəl həbsdən azad edilməsində iştirak etdiyini tanıyıb. Batukayev iğtişaşların təşkili və qanunsuz silah saxlama maddələri ilə məhkum edilmişdi. O, azadlığa çıxdıqdan dərhal sonra Qroznıya yollanıb.