Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İran və ABŞ arasında keçirilən müzakirələrə birbaşa daxil olması hələ tezdir.
Trend-in məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, AEBA baş direktoru Rafael Qrossi bildirib ki, agentlik olmadan istənilən anlaşma kağız parçasıdır.
"Bu mövqe bir az tələsik elan olunan mövqedir. Çünki bu məsələ haqda danışmaq hələ çox tezdir. Anlaşma formalaşdığı zaman təbii ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəsmiləri dəvət olunacaq, agentliklə sınaqların keçirilməsi araşdırılacaq və anlaşma əldə olunacaq”, - deyə o bildirib.
Qəribabadi deyib ki, Atom Enerjisi üzrə Agentliklə razılaşmalar müzakirə edən tərəflərin diqqət mərkəzindədir və bu, çox önəmlidir:
"Bu razılaşmalar davam etməlidir. İran tərəfi AEBA və onun baş direktoruna həmişə iki məsələnin vacibliyini qeyd edir. Birincisi, bəzi ölkələrin siyasi təzyiqi altına düşməsin və agentlik Nüvə Silahlarının Yayılmamasına dair Saziş və ya agentliyə üzv bütün ölkələrə aiddir".
Nazir müavini qeyd edib ki, İran bəzi hallarda öz nüvə obyektlərinə qarşı təhdidlərlə üzləşir:
"AEBA İranın belə təhdidlərlə üzləşməməsi üçün şəffaf mövqe sərgiləyə bilər".
Qeyd edək ki, 12 apreldə Omanın paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir. Danışıqların növbəti raundu 19 aprelə təyin olunub.
Əlavə edək ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavə protokolun icrasını dayandırıb. Bununla AEBA-nın nəzarət mexanizmi 20-30% azalıb.
İran rəsmi səviyyədə bildirir ki, İranın strategiyası atom bombasını əldə etməməkdir və İran kütləvi qırğın silahlarının istehsalını əsla dəstəkləmir.
Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi 3 martda AEBA Direktorlar Şurasının iclasında bildirib ki, İran 60%-ə qədər zənginləşdirilmiş uranın həcmini ötən rüblə müqayisədə 182 kiloqramdan 275 kiloqrama artırıb. İran uranı bu səviyyəyə qədər zənginləşdirən yeganə qeyri-nüvə silahı dövlətidir. Bu isə ciddi narahatlıq doğurur.