...

Nüvə silahını istehsal etmək üçün sadəcə zənginləşdirilmiş uran yetərli deyil – İran

Dünya xəbərləri Materials 17 Aprel 2025 12:03 (UTC +04:00)
Nüvə silahını istehsal etmək üçün sadəcə zənginləşdirilmiş uran yetərli deyil – İran
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın nüvə silahını əldə etməsi üçün sadəcə maddələrin (zənginləşdirilmiş uran) olması yetərli deyil.

Trend-in məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, bəzi tərəflər bu iddianı təkrarlayırlar ki, İranın atom bombası düzəltmək üçün yetərincə maddələri (zənginləşdirilmiş uranı) var.

Qəribabadi deyib ki, halbuki nüvə silahı haqda yeganə qərar verə bilən qurum Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdir və indiyədək İranın nüvə silahı düzəltməyə çalışması haqda agentlik tərəfindən heç bir hesabat yayımlanmayıb.

İranlı nazir müavini əlavə edib ki, bəzi tərəflər İranın nüvə proqramı haqda süni böhran yaratmaq istəyirlər. Halbuki AEBA-nın nəzarəti mövcud olduğu müddətdə belə iddiaların irəli sürülməsi tamamilə yersizdir.

“İran uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətlərində heç vaxt öhdəliklərindən kənara çıxmayıb və heç bir yayınma qeydə alınmayıb. Bundan əlavə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin əsasnaməsində və yaxud Nüvə Silahlarının Yayılmamasına dair Sazişdə (NPT) uranın zənginləşdirilməsi haqqı və yaxud müəyyən zənginləşdirmə faizini qadağan edən müddəa yoxdur. Yeganə məhdudiyyət nüvə fəaliyyətlərinin hərbi məqsədlərə doğru yönəlməməsidir”, - deyə o qeyd edib.

Qeyd edək ki, 12 apreldə Omanın paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir. Danışıqların növbəti raundu 19 aprelə təyin olunub.

Əlavə edək ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavə protokolun icrasını dayandırıb. Bununla AEBA-nən nəzarət mexanizmi 20-30% azalıb.

İran rəsmi səviyyədə bildirir ki, İranın strategiyası atom bombasını əldə etməməkdir və İran kütləvi qırğın silahlarının istehsalını əsla dəstəkləmir.

Xatırladaq ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi 3 martda AEBA Direktorlar Şurasının iclasında bildirib ki, İran 60%-ə qədər zənginləşdirilmiş uranın həcmini ötən rüblə müqayisədə 182 kiloqramdan 275 kiloqrama artırıb. İran uranı bu səviyyəyə qədər zənginləşdirən yeganə qeyri-nüvə silahı dövlətidir. Bu isə ciddi narahatlıq doğurur.

Xəbər lenti

Xəbər lenti