Bakı. Trend
Cari ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 3,249 milyard manat olub.
Trend bu barədə ARDNF-dan məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,019 milyard manat və ya 38,3% azdır.
Belə ki, ötən ilin yanvar-mart aylarında Fondun büdcə gəlirləri 5,268 milyard manat idi.
Hesabat dövründə Fondun büdcə xərcləri 3,643 milyard manat təşkil edib ki, bu da, illik müqayisədə 438 milyon manat və ya 13,7% çoxdur.
2024-cü ilin birinci rübündə Fondun büdcə xərclərinin həcmi 3,205 milyard manat idi.
Bəhs olunan dövrdə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3,017 milyard manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 2,252 milyard manat, bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat təşkil edib. Sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 2,002 milyard manat, Şahdəniz yatağından isə 181,9 milyon manat məbləğində vəsait daxil olub.
Qeyd edək ki, ARDNF missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir. ARDNF-nin yaradılmasında əsas məqsəd ölkənin neft sərvətlərinin səmərəli və məqsədyönlü idarə edilməsinə şərait yaratmaqdır.
ARDNF-nin fəaliyyəti ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsinin, ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsinin, neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanmasının həllinə yönəldilib.