Bakı. Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Məlumata əsasən, M.Rubio ilə telefon danışığında S.Lavrov Moskvanın Ukrayna böhranının əsas səbəblərini etibarlı şəkildə aradan qaldırmaq üçün ABŞ ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu təsdiqləyib.
"Sergey Lavrov Moskvanın Ukrayna böhranının əsas səbəblərini etibarlı şəkildə aradan qaldırmaq üçün amerikalı həmkarları ilə birgə işi davam etdirməyə hazır olduğunu təsdiqləyib", - deyə nazirlik qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Parisdə olan ABŞ dövlət katibi rusiyalı həmkarına ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffla Ukrayna, Fransa və bir sıra digər Avropa ölkələrinin nümayəndələri ilə əlaqələri barədə məlumat verib.
"Yuxarıda qeyd olunan təmasların Vaşinqton və Moskva arasında aparılmış məsləhətləşmələrin mövzularına, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə Stiven Vitkoffun Sankt-Peterburqda bu yaxınlarda baş tutan söhbətinə uyğun olaraq baş tutduğu vurğulanıb", - deyə bildirilib.