Bakı. Trend:
Cari ilin birinci rübünün sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyatlarının həcmi 165,3 ton olub.
Trend bu barədə ARDNF-dan məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 60,7 ton və ya 58% çoxdur.
Belə ki, 2024-cü ilin mart ayının sonun Fondun qızıl ehtiyatlarının həcmi 104,6 ton olub.
Cari ilin hesabat dövrünün sonuna Fondun cəmi investisiya portfeli 62,450 milyard ABŞ dolları olub. ABŞ dolları portfelinin 16,134 milyard dollarlıq hissəsini (25,8%) qızıl investisiyaları təşkil edir.
Qeyd edək ki, ARDNF missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir. ARDNF-nin yaradılmasında əsas məqsəd ölkənin neft sərvətlərinin səmərəli və məqsədyönlü idarə edilməsinə şərait yaratmaqdır.
ARDNF-nin fəaliyyəti ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsinin, ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsinin, neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanmasının həllinə yönəldilib.