...

KTM-də dövlәt vәsaitlәrinin sәmәrәli icrasının tәmin olunmamasına dair nöqsanlar aşkarlanıb

İqtisadiyyat Materials 17 Aprel 2025 16:57 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Kliniki Tibbi Mәrkәz” publik hüquqi şәxs tәrәfindәn smetaların tәrtibi prosesindә funksional fәaliyyәti әhatә edәn amillәrin vә tәsiredici faktorların tam nәzәrә alınmaması, bәzi hallarda daha çox dövlәt vәsaiti üzrә tәlәbatın formalaşması, elәcә dә bir sıra xәrclәrin hesabatlarda әks edilmәdәn icrası ilә nәticәlәnmişdir. Belә ki, smetalara tibbi heyәt vә xarici ölkәdә tәhsil almış hәkim-mütәxәssislәr üzrә әlavәlәr, elәcә dә göstәrilәn digәr xidmәtlәrdәn әldә edilәn vәsaitlәr daxil edilmәmiş, bәzi hallarda Xәstәxananın strukturuna daxil olan bir tibb müәssisәsi üzrә tәsdiq olunmuş vәsaitlәrin bir hissәsinin digәr müәssisәnin xәrclәrinә yönәldilmәsi müәyyәn olunmuşdur.

Trend xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində öz əksini tapıb.

Bildirilib ki, auditin әhatә etdiyi illәrdә çarpayı sayı demәk olar ki, dәyişmәz qalmış, 2022-ci ildә 1149 vahid, 2023-cü ildә isә 1199 vahid çarpayı mövcud olmuş, 2022-ci ildә yoluxucu xәstәliklәr üzrә 50 çarpayıdan istifadә olunmamışdır. Bunun müqabilindә auditin әhatә etdiyi illәrdә ştat sayı 417 vahid vә ya 13,1% artaraq 3591,5 vahidә çatmışdır. Qeyd edәk ki, ştatların tәrkibindә orta tibb heyәtinin xüsusi çәkisi yüksәk olmuşdur vә bu, hәm ştat cәdvәli, hәm dә faktiki çalışanlar üzrә müşahidә edilmişdir.

Ştat cәdvәlinin vahid tarif-ixtisas kitabçasına uyğun olmaması nәzәrdә tutulmayan vәzifәlәrin müәyyәn edilmәsi ilә dövlәt vәsaitinә әlavә tәlәbat yaratmış, әmәyin ödәnişi xәrclәrinin icrası zamanı hüquqi aktların tәlәblәrinә tam riayәt edilmәmәsi, bu istiqamәtdә vәsaitlәrin düzgün idarә olunmaması artıq vәsait ödәnişi ilә yanaşı hesablanmış vә ödәnilmiş vәsaitlәr üzrә mәlumatlarda uyğunsuzluqlara yol açmışdır. Әmәkdaşlara mәzuniyyәtdә, xәstәlikdә olduqları halda tam iş saatının yazılması, ixtisas dәrәcәsi olmadığı halda ixtisas dәrәcәsi ilә bağlı әlavәnin hesablanması, rezident tәlәbәlәrin rezidentlik müddәtinin bitmәsinә baxmayaraq tәhkim edilmiş hәkimә rezidentlәrә görә әlavәlәrin ödәnilmәsi, şöbә rәhbәrlәrinә icbari tibbi sığorta әlavәsinin artıq ödәnilmәsi, ödәnişsiz mәzuniyyәtdә olduğu halda mәzuniyyәt haqlarının ödәnilmәsi ilә vәsaitin artıq istifadәsinә yol verilmişdir.

Xәstәxana vә Agentlik arasında bağlanılmış müqavilәnin tәlәbinin gözlәnilmәmәsi tibbi xidmәtin göstәrilmәsindә iştirak edәn hәkimlәrә işin nәticәlәrinә görә aylıq hәvәslәndirici әlavәlәrin hesablanması vә ödәnilmәsi prosesindә gecikmәlәrә sәbәb olmuş, bu da son nәticәdә hәmin vәsaitlәrin xidmәtlәrin göstәrildiyi aylarda deyil, ekspertiza nәticәlәrinin elektron formada tәqdim edildiyi tarixlәrdә hesablanması ilә nәticәlәnmiş, başqa sözlә, әvvәlki ayların әmәkhaqqı cәdvәllәrinin dәyişdirilmәsi hesabına hesablamalar aparılmışdır. Elәcә dә, bu hal mәcburi ödәnişlәrin bәzi hallarda әksik vә ya artıq icra olunmasına şәrait yaratmışdır.

İşin nәticәlәrinә görә aylıq hәvәslәndirici әlavәlәrin xidmәtlәrin göstәrildiyi aylarda hesablanmaması nәticәsindә işçilәrә müavinәtlәrin vә mәzuniyyәt haqlarının hesablanması üçün orta aylıq әmәkhaqlarının müәyyәn edilmәsindә vә işçilәrin aylıq gәlirlәrindәn mәcburi tutulmaların hesablanmasında uyğunsuzluqlara sәbәb olmuşdur.

Dövlәt әmlakının uçotu vә istifadәsinin düzgün tәşkil edilmәmәsi bir sıra hallarda aktivlәrin әskik vә ya artıq gәlmәsi ilә nәticәlәnmiş, dövlәt әmlakının sәmәrәli vә funksional fәaliyyәtә uyğun idarә olunmaması 2457,1 min manat dәyәrindә maşın vә avadanlıqların uzunmüddәtli saxlanılması, elәcә dә 297,1 min manat dәyәrindә dәrman vasitәlәri vә tibbi lәvazimatların istifadә müddәti әrzindә istifadә olunmaması ilә dövlәt vәsaitlәrin sәmәrәli icrası tәmin olunmamışdır. Elәcә dә, tibbi sәrfiyyatla bağlı normaların vә hesabatlılığın tәlәblәrinә әmәl olunmaması artıq vәsait icrasına sәbәb olmuş, hәmçinin hәkim tәyinatı olmadan dәrman vasitәlәrinin silinmәsi әmlakın istifadәsi vә әhalinin sağlamlığının qorunması istiqamәtindә risklәri formalaşdırmışdır.

Xәstәxana tәrәfindәn dövlәt әmlakı ilә bağlı hesabatlılıq tam tәmin edilmәmiş, hәmçinin balansda olmayan әmlakın istifadә olunması hesabatlılıqda uyğunsuzluqlarla yanaşı, әmlakın balans mәnsubiyyәtinin müәyyәnlәşdirilmәsindә mәhdudiyyәtlәri formalaşdırmışdır.

Tibbi xidmәtlәrin göstәrilmәsi ilә bağlı fәaliyyәtin tәşkili, bu xidmәtlәrin dәyәrinin Agentlik tәrәfindәn ödәnilmәsi zamanı digәr tibb müәssisәlәrindә Hesablama Palatasının aşkar etdiyi nöqsanlara analoji nöqsanlar da müәyyәn olunmuşdur. Belә ki, Xidmәtlәr Zәrfi çәrçivәsindә göstәrilmiş xidmәtlәrin dәyәrinin ödәnilmәsi üçün tәdbirlәrin gecikmәlәrlә hәyata keçirilmәsi funksional fәaliyyәtin maliyyә bazasının güclәndirilmәsinә mәnfi tәsirlәri formalaşdırmışdır.

Xәstәxananın auditin әhatә etdiyi illәrdә daxilolmalarının 93,8%-i Agentlik tәrәfindәn tibbi xidmәtlәrin dәyәrinin ödәnilmәsi vә funksional fәaliyyәtin tәmin olunması ilә bağlı ayrılmış vәsaitlәrdәn formalaşmışdır. 2022-2023-cü illәrdә ümumilikdә 2025966 sayda vә 54310,7 min manat dәyәrindә xidmәt göstәrilmiş, aparılmış ekspertiza nәticәsindә 1708074 sayda xidmәtin 47209,4 min manat mәblәğindә dәyәrinin ödәnilmәsinә qәrar verilmişdir. Әsassız sayılan hissә xidmәtlәr üzrә 15,7%, mәblәğә münasibәtdә isә 13,1% tәşkil etmişdir. Qeyd edәk ki, ekspertizadan keçmәyәn xidmәtlәrin cәmi xidmәtlәrdә xüsusi payı 2023-cü ildә 2022-ci illә müqayisәdә azalmış, 23,7%-ә qarşı 10,6% olmuşdur.

Agentliklә Xәstәxana arasında bağlanmış müqavilәnin şәrtlәrindә әks olunmuş zaman tәnzimlәmәlәrinә әmәl edilmәmiş, xidmәtlәrin dәyәri gecikmәlәrlә ödәnilmişdir. Belә ki, 2022- ci ildә ekspertizadan keçmiş vә dәyәrinin ödәnilmәsi üçün qәbul olunmuş xidmәtlәrin 17356,5 min manat dәyәrinin 28,3%-i, 2023-cü ildә 29852,9 min manat dәyәrinin 40,1%-i növbәti ildә ödәnilmişdir. 2024-cü ilin yanvar-mart aylarında göstәrilmiş xidmәtlәr üzrә isә auditin başa çatdığı dövrәdәk hәr hansı ödәmә aparılmamışdır.

İcbari sığorta sisteminin tәşkil olunması fonunda әmәyin ödәnişindә vahid tarif cәdvәli (VTC) ilә bağlı pay cüzi dә olsa artmış, elәcә dә 2023-cü illә müqayisәdә әmәyin ödәnişi xәrclәrindә artımın 64,2%-i VTC üzrә ödәnişlәrin artımı hesabına tәmin edilmişdir. Tibbi xidmәtlәrin göstәrilmәsi ilә bağlı ödәmәlәrin hәyata keçirilmәsindә mәhdudiyyәtlәr “xidmәtgәlir” uzlaşmasının tam tәmin edilmәdiyini, elәcә dә keyfiyyәtli tibbi xidmәtlәrin göstәrilmәsi ilә bağlı әmәyin stimullaşdırılması alәtlәrinin düzgün tәtbiq olunmadığını vurğulamaq imkanı verir.

Xidmәt göstәrilmәsindә әsasәn hәkimlәrin iştirak etdiyini vә işin nәticәlәrinә görә hәvәslәndirici әlavәlәrin hәmin heyәtә ödәnildiyini diqqәtә alsaq, qeyd edә bilәrik ki, 2023-cü ildә әvvәlki illә müqayisәdә ekspertizadan keçәn xidmәtlәrin sayının 1,8 dәfә, dәyәrinin isә 1,7 dәfә artması fonunda 1 hәkimә düşәn әlavәlәrin illik mәblәği 1,5 dәfә yüksәlmişdir. Belә ki, 2022-2023-cü illәrdә 1 hәkimә cәmi әlavә mәblәği müvafiq olaraq 6080,3 manat vә 9294,2 manat tәşkil etmiş, bu isә il әrzindә 1 hәkimә ayda orta hesabla 506,7 manat vә 774,5 manat demәkdir. Ekspertizadan keçmiş xidmәtlәrin dәyәri vә işin nәticәlәrinә görә hәvәslәndirici әlavәlәrin mәblәğinin müqayisәsi göstәrir ki, 2022-2023-cü illәrdә bu әlavәlәr müvafiq olaraq 5,7 dәfә vә 6,4 dәfә az olmuşdur.

Ümumiyyәtlә, hesablanmış әmәk haqqının inzibati heyәt, hәkimlәr, orta vә kiçik tibbi heyәt üzrә bölgüsündә hәkimlәrin әmәyin ödәnişi xәrclәri daha böyük göstәriciyә malik olmuş, bir qәdәr kiçik göstәrici orta tibbi heyәtinә aid olmuşdur.

Audit sübutları ilә bәzi hallarda Xidmәtlәr Zәrfinә daxil olmayan xidmәtlәr üzrә әldә edilәn gәlirlәrin uçota alınmadığı vә ya cüzi miqdarda alındığı müәyyәn edilmişdir. Elәcә dә Zәrf üzrә göstәrilmiş xidmәtlәrin qeydiyyatı üzrә bir sıra hallarda yol verilmiş nöqsanların araşdırılmaması hәmin xidmәtlәrin ekspertiza tәrәfindәn qәbul olunmaması ilә nәticәlәnmişdir. Qeyd olunanlar, öz növbәsindә, gәlirlәr üzrә potensial çәrçivәni әdalәtli qiymәtlәndirmәk imkanlarını mәhdudlaşdırmış, elәcә dә maliyyә dayanıqlılığının tәmin olunmasında risklәrә yol açmışdır.

Hәmçinin Xәstәxana tәrәfindәn tibbi xidmәtlәrә dair hesabat mәlumatları üzlәşdirilmәmiş vә dәqiqlәşdirilmәmiş, bu isә öz növbәsindә tibbi müәssisәlәr vә tibbi xidmәtlәrә dair ölkә üzrә cari vәziyyәtә dair mәlumatların tәhrif olunması qәnaәtinin formalaşmasına yol açmışdır.

Dövlәt satınalmalarının proqnozlaşdırılması ilә bağlı fәaliyyәtin әsaslı tәşkil edilmәmәsi nәzәrdә tutulmuş vә icra edilmiş satınalmaların fәrqlәnmәsi ilә nәticәlәnmiş, tender komissiyası hüquqi aktların tәlәblәrinә uyğun tәşkil olunsa da, komissiya tәrәfindәn satınalma prosesi ilә bağlı bir sıra prosedur pozuntularına yol verilmişdir. Bәzi hallarda hüquqi aktların tәlәblәrinә tam әmәl edilmәmәsi rәqabәtli mühitin formalaşdırılmasında mәhdudiyyәtlәrin, nәticәdә dövlәt ehtiyaclarının ödәnilmәsindә әlavә vәsaitә tәlәbatın yaranması ilә bağlı, hәmçinin hәmin tәlәbatın vaxtında ödәnilmәsindә risklәrә sәbәb olmuşdur. Elәcә dә, ehtimal olunan qiymәtin hesablanılması zamanı bütün amillәrin tam nәzәrә alınmaması nәticәsindә malların, işlәrin vә xidmәtlәrin daha aşağı qiymәtlәrlә alınması imkanlarından istifadә edilmәmişdir.

Müqavilәlәrin nümunәyә uyğun tәrtib edilmәmәsi, elәcә dә öhdәliklәrin icrası üzәrindә nәzarәt mexanizmlәrinin tәtbiq olunmaması cәrimәnin hesablanılmaması, artıq vәsaitin ödәnilmәsi vә nәzәrdә tutulmayan mallar üzrә vәsaitin ödәnişi ilә nәticәlәnmişdir.

Tәmir işlәri üzrә Agentlik tәrәfindәn keçirilmiş satınalma üzrә bağlanılmış müqavilә çәrçivәsindә ehtiyacların düzgün müәyyәnlәşdirilmәmәsi, elәcә dә icra prosesindә nәzarәtin hәyata keçirilmәmәsi tәlәbat vә nәticә arasında uyğunsuzluqlarla nәticәlәnmişdir. Belә ki, audit sübutları ilә müqavilә öhdәliklәrinin tam yerinә yetirilmәdiyi, elәcә dә nәzәrdә tutulmayan işlәrin görüldüyü müәyyәn olunmuşdur. Hәmin әlavә işlәr çәrçivәsindә 203 adda işin dәyәrinin müqavilә üzrә eyniadlı işlәrin dәyәrindәn nәzәrәçarpacaq dәrәcәdә fәrqlәnmәsi ilkin olaraq müqavilә qiymәtlәrinin daha yüksәk müәyyәnlәşdirilmәsi, bununla da dövlәt vәsaitlәrinә әlavә tәlәbat formalaşdırılması risklәrini vurğulamaq imkanı verir. Hәmçinin müqavilәdә öhdәliklәrin icra müddәtinin göstәrilmәmәsi hәmin öhdәliklәrin vaxtında yerinә yetirilmәmәsinә, nәticәdә cәrimә mәblәğlәrinin tәtbiqindәn yayınmağa şәrait yaratmışdır.

Mühasibat uçotu ilә bağlı fәaliyyәt müvafiq standartlara uyğun tәşkil olunsa da, bәzi mәlumatların maliyyә hesabatlarına daxil edilmәmәsi vә ya yanlış daxil edilmәsi tәhriflәrә sәbәb olmaqla bu hesabatların tamlıq vә düzgünlük sәviyyәsini aşağı salmışdır. Bәzi hallarda mövcud aktivlәrin dәyәri mühasibat uçotunda vaxtında vә ya düzgün tanınmamış, amortizasiya mәblәğlәrinin düzgün hesablanılmaması isә son nәticәdә aktivlәrin dәyәrinin müәyyәnlәşdirilmәsi imkanlarını mәhdudlaşdırmışdır. Yanlış mühasibat yazılışlarının aparılması aktiv vә öhdәliklәrin hesabatda tam vә düzgün әks olunmamasına sәbәb olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti