Bakı. Trend:
Səhiyyə Nazirliyinin Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli 12 nömrəli müvafiq Qərarına əsasən yaradılmış PHŞ “Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriya” (bundan sonra Laboratoriya) dövrümüzün aktual tələblərini özündə ehtiva edir.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi PHŞ “Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyası”nın Baş direktoru Mətanət Axundova açıqlayıb.
Onun sözlərinə görə, ölkə ərazisində laboratoriyaların olmasına baxmayaraq, bu sahədə ixtisaslaşdırılmış mütəxəssislərdən ibarət mərkəzləşdirilmiş yüksək texnoloji kimyəvi və toksikoloji laboratoriya mövcud deyil:
”Laboratoriyanın fəaliyyətinin əsas məqsədi əhalinin
sağlamlığının qorunması və bu sahədə hüquqlarının təmin edilməsi,
kimyəvi və toksikoloji müayinələrin aparılması istiqamətində ölkə
ərazisində fəaliyyət göstərən laboratoriyaların yeni diaqnostik
imkanlardan istifadəsidir. Eyni zamanda, metodiki və təcrübi
köməkliyin göstərilməsi ilə istinad laboratoriyası qismində çıxış
etməsi, elmi-tədqiqat işlərinin aparılması, beynəlxalq istinad
(referens) laboratoriyaları ilə əməkdaşlığın təmin edilməsi, profil
üzrə aparılmış müayinələrin şübhəli nəticələrinin müəyyən edilmiş
qaydada dəqiqləşdirilməsindən ibarətdir.
Bundan əlavə, Laboratoriya fəaliyyət istiqamətləri üzrə tibb
mütəxəssislərinin hazırlanması, təhsil müəssisələri ilə klinik baza
kimi və bu sahədə fəaliyyət göstərən laboratoriyalara metodiki və
təcrübi köməklik göstərməklə, o cümlədən onlar arasında yaranan
mübahisələrə (şübhəli məqamlara) dair rəy verən publik hüquqi
şəxsdir”.
M.Axundova bildirib ki, laboratoriyada avtomatlaşdırılmış, yüksək dəqiqlik, həssaslıq və etibarlılığa malik son nəsil maye və qaz xromatoqrafları mövcuddur:
“Mövcud cihazlarda zəhərli maddələrin, terapevtik və epileptik
dərmanların, narkotik və psixotrop maddələrin, dərman
metabolitlərinin, pestisidlərin, ağır metalların, dəm qazının,
immunosupressantların, alkoqol və uçucu maddələrin, üzvi
turşuların, zərurət yarandıqda dopinq vasitələrinin yoxlanılması
mümkündür.
Həmçinin, qeyd etmək istərdim ki, laboratoriyada olan qaz
xromatoqrafının (elektron) kitabxanasının yaddaşında iki yüz on iki
mindən çox maddə mövcuddur ki, bu da naməlum zəhərlənmələrin
səbəblərinin müəyyən olunmasında mühüm rol oynayır. Bəzən tibb
müəssisələri və digər qurumlarda narkotik maddələrin test üsulu ilə
yoxlanması zamanı neqativ hallar baş verir. Test üsulu
istiqamətverici xarakter daşıyır və alınan nəticələr yanlış ola
bilir. Bu isə ondan irəli gəlir ki, bəzi dərman vasitələrinin və
qida məhsullarının qəbulu zamanı analizlər testlə yoxlanıldıqda
yanlış -mənfi, yanlış müsbət (kross-reaktivlik) nəticə əldə olunur.
Belə halların araşdırılması Laboratoriyada yüksək ixtisaslı peşəkar
mütəxəssislər tərəfindən qaz və maye xromatoqroflarında aparılır və
dəqiq nəticələr əldə olunur”.
Direktor sonda qeyd edib ki, mərkəz elmi tədqiqat məqsədilə dissertant və digər mütəxəssislərə geniş imkanlar təqdim edir:
“Peşəkar mütəxəssislər tərəfindən onlara təcrübi və metodoloji dəstək göstərilir. Hazırda Azərbaycan Tibb Universiteti ilə bağlanmış müqavilə əsasında universitetin Əczaçılıq fakültəsinin tələbələri laboratoriyada istehsalat təcrübəsi keçirlər”.