Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın inkişafı və onun qlobal siyasətdəki rolu ilə bağlı dərin strateji baxışını nümayiş etdirdi.
Bunu Trend-ə Belarus Strateji Araşdırmalar İnstitutunun təhlilçisi Anatoliy Boyaşov “Yeni Dünya Düzəninə doğru” mövzusunda Bakıda keçirilən 7-ci ADA Siyasi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin forumdakı nitqi həm qlobal siyasi məsələlərə, həm ölkədaxili vəziyyətə aid olan tezislərinin dərinliyi baxımından dərin təəssürat yaradıb.
“Mənim üçün ən yaddaqalan məqamlardan biri Azərbaycanın azad edilmiş əraziləri necə dirçəltməsi ilə bağlı təsviri oldu. Bu proses sistemli xarakter daşıyır: aydın görünür ki, həmin ərazilərdə təkcə dövlət idarəçiliyi deyil, həm də təhsil sistemi qurulur. Bu isə Azərbaycanın uzunmüddətli strategiyasını və dərin əsaslara söykənən bərpa yanaşmasını nümayiş etdirir”, - deyə Anatoli Boyaşov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin aydın strateji baxışı ölkənin siyasətinin bütün səviyyələrində öz əksini tapır.
“Prezident İlham Əliyev ölkənin həm daxili, həm də xarici siyasətinə dair mühüm məsələlərə toxundu. Əminəm ki, Azərbaycan beynəlxalq arenada müdrik və strateji şəkildə hərəkət edərək, inamla irəliləyəcək”, -deyə analitik əlavə edib.
Boyaşov onu da bildirib ki, son illər Belarus ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, istər siyasi, istərsə də iqtisadi sahələrdə fəal şəkildə inkişaf edir.
O, Azərbaycan nümayəndə heyətinin Belarus Prezidentinin seçkilərini müşahidə etməsində fəal iştirakını bu ölkələr arasında siyasi münasibətlərin möhkəmləndiyinin bir göstəricisi kimi nümunə göstərib.
“Ölkələrimiz bütün səviyyələrdə – parlamentlərarası, partiyalararası və ekspert səviyyəsində əməkdaşlığı dərinləşdirir. Bu da qarşılıqlı faydalı münasibətlərin gələcəkdə daha da inkişaf etməsinə vəsilə olacaq”, - deyə Anatoli Boyaşov yekunlaşdırıb.