Bakı. Trend:
Səhiyyə Nazirliyi Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyasında orqan transplantasiyası olunmuş xəstələrin qanında immunosupressiv maddələrin (tacrolimus, evrolimus, sirolimus və siklosporin) miqdarının təyini edilir.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi PHŞ “Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyası”nın Baş direktoru Mətanət Axundova açıqlayıb.
Onun sözlərinə görə, immunosupressiv dərmanlar immunitet sistemini nəzarət altında saxlayan vasitələrdir:
“İnsan orqanizminin immun sistemi xəstəliklərə səbəb olan infeksiyalarla mübarizə aparır. Orqan transplantasiyası olunmuş xəstələr üçün immunosupressiv dərmanların terapevtik dərman monitorinqi orqan toksikliyinin və ya rədd edilməsinin qarşısını almaq üçün vacibdir. Xəstənin xüsusi vəziyyətindən və simptomlarından asılı olaraq, immunosupressiv dərman və ya onların kombinasiyası təyin olunur ki, bu da orqanizmə güclü təsir göstərə bilər. Xəstələrə təyin edilmiş dərman preparatlarının dozasının tənzimlənməsi üçün mütəmadi olaraq orqan transplantasiyası olunmuş xəstələrdə immunosupressiv dərmanların qanda miqdarının yoxlanılması mütləqdir. Bu müayinələr həkim göndərişi və ya fərdi müraciət əsasında Səhiyyə Nazirliyi Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyasında yüksək dəqiqlik və həssaslığa malik ikiqat kütlə spektrometriyalı maye xromatoqrafında aparılır. Laboratoriya fəaliyyətə başladığı dövrdən orqan transplantasiyası olunmuş xəstələrdə immunosupressant dərmanların miqdarının təyini üzrə iki minə yaxın müayinə aparılıb. Bütün müayinələr beynəlxalq standartlara uyğun olaraq təsdiqlənmiş metodlarla yüksək dəqiqliklə həyata keçirilir”.
M.Axundova bildirib ki, Səhiyyə Nazirliyi Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyasında tədqiqatların keyfiyyətinə nəzarət olunması və analizlərin beynəlxalq təcrübələrə əsasən yeni nəsil araşdırmalara uyğun olaraq aparılması peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir:
“Yəni, ölkə ərazisində aparılmayan tədqiqat növləri laboratoriyamızda tətbiq olunur, elmi və tibbi əsaslarla yeni diaqnostik meyarların formalaşdırılması istiqamətində işlər aparılır”.