Bakı. Trend:
LPO "Atabank" ASC və "Amrahbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların verilməsi və ya kompensasiya vəsaitləri ilə öhdəliklərinin əvəzləşdirilməsi 08 may 2025-ci il tarixdə, LPO “NBC Bank” ASC və “AGBank” ASC-də isə bu müddət 17 may 2025-ci tarixdə bitir. Həmin tarixdən sonra əmanətçilər tərəfindən müvafiq müraciətlər olmadığı təqdirdə məbləğ “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.8-ci maddəsinə əsasən sonuncu növbə üzrə təminatsız kreditor tələbi kimi qeydə alınacaq.
Bu barədə Trend Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir.
"Qeyd edilən müddət və tarixləri nəzərə alaraq LPO “Amrahbank”, “AGBank”, “Atabank” və “NBC Bank” ASC-lərdə bugünədək qorunan əmanətlər üzrə kompensasiya almayan şəxslərə onların vaxtında müraciət etməsini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlərlə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanında yerləşən Əmanətlərin Sığortalanması Fonduna müraciət etmələri tövsiyə olunur", - məlumatda bildirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə "Atabank" ASC və "Amrahbank" ASC-nin, 12 may 2020-ci il tarixli qərarı ilə “NBC Bank” ASC və “AGBank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.
Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC, 14 may 2020-ci il tarixli qərarı ilə “NBC Bank” ASC və “AGBank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb, həmin qərarla Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib.