Bakı. Trend:
Azərbaycan qaz kəməri sistemini təkmilləşdirməklə Orta dəhliz infrastrukturunun inkişafı üzərində aktiv işləri davam etdirir.
Bunu Trend-ə Macarıstanın Beynəlxalq Münasibətlər İnsitutunun professoru, baş müşavir, aparıcı elmi işçi Laslo Vaşa “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.
“Avropa üçün qaz mənbələrindən söhbət düşdükdə, biz Azərbaycanın qaz nəqli infrastrukturunun ötürücülük qabiliyyətinin artırılması, eləcə də, limanlarda yaradılan yeni imkanlar və digər tədbirlər sayəsində Orta Dəhliz vasitəsilə tədarükdə daha fəal iştirak etmək istiqamətində göstərdiyi səyləri görürük”, – deyə o bildirib.
Dayanıqlı enerji sahəsinin perspektivlərdən danışan Laslo Vaşa “yaşıl” enerji tədarükü layihəsinin əhəmiyyətini də vurğulayıb:
“Bu layihə tamamilə perspektivlidir və artıq bu sahəyə sərmayələr yatırılıb. Bu, Macarıstan və Azərbaycan arasında əməkdaşlıq layihəsidir. Məqsəd – “yaşıl” enerjinin sualtı kabel vasitəsilə Macarıstana və Rumıniyaya çatdırılmasıdır. Bu, təkcə ixraca deyil, eyni zamanda, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə də xidmət edir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, “yaşıl” enerji layihəsi eyni vaxtda bir neçə məqsəd daşıyır. Layihə yalnız ixraca yönəlməyib, həm də Qarabağın “yaşıl” bərpası üzrə genişmiqyaslı proqramla sıx əlaqəlidir.
“Biz bilirik ki, regionun yenidən qurulması tam şəkildə iqlim prioritetləri nəzərə alınmaqla həyata keçirilir: bütün sərmayələr dayanıqlı inkişafa yönəlib, buraya günəş, su və külək enerjisi obyektlərinin quraşdırılması daxildir. Burada istehsal olunan enerji sualtı kabel vasitəsilə Avropaya ötürüləcək”, – deyə o əlavə edib.
Professor, həmçinin, Azərbaycanın dövlət başçısının iştirakı ilə aktual çağırışların müzakirəsində iştirak etmə imkanını yüksək qiymətləndirib:
“Bu gün Prezident İlham Əliyevin iştirakı ilə keçirilən müzakirələrdə iştirak etməkdən məmnun olduq. Onunla görüşmək imkkanı həmişə təəssürat doğurur, çünki biz vacib fikirlər və məlumatlar əldə edirik. Biz aktual geosiyasi çağırışları, sülh prosesini və Azərbaycanın beynəlxalq münasibətlərdə rolunu müzakirə etdik. Azərbaycan Prezidenti, eyni zamanda, bir neçə suala da cavab verdi. Bu, həm faydalı, həm də məhsuldar oldu”, - deyə o vurğulayıb.
Bundan əlavə, Laslo Vaşa Qarabağa səfəri ilə bağlı təəssüratlarını da bölüşüb:
“Biz Xankəndini ziyarət etdik – bu şəhərə ilk səfərim idi. Bundan əvvəl Ağdamda, Şuşada, Laçında, Füzulidə və digər rayonlarda olmuşam. Mən Qarabağın tez-tez qonağı oluram və ölkənin bu bölgəsində bərpa prosesinin necə heyrətamiz şəkildə getdiyinin şahidi oluram. Burada təkcə planlar və tikinti işləri deyil, həm də bərpa üzərində çalışan insanların motivasiyası xüsusilə qeyd olunmalıdır. Bu, çətin bir işdir, lakin əminəm ki, hər şey qısa müddətdə həyata keçiriləcək", – deyə o bildirib.