Bakı. Trend:
“Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası” təsdiq edilib.
Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Bu Qayda “Yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş Yüksəkixtisaslı Miqrant Proqramı çərçivəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra – əcnəbilər) müraciətlərinin qəbulu və həmin müraciətlərə baxılması, onların yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi (bundan sonra – qiymətləndirilmə), habelə qiymətləndirilmənin nəticəsinin rəsmiləşdirilməsi və ləğv edilməsi ilə bağlı məsələləri tənzimləyir.
Əcnəbilərin müraciətlərinin qəbulu və cavablandırılması bu məqsədlə yaradılan və “bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən “Yüksəkixtisaslı miqrant” portalı (bundan sonra – Portal) vasitəsilə təmin ediləcək.
Əcnəbilərin Portala daxil etdikləri müraciətlərinə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində yaradılan “Yüksəkixtisaslı miqrantlar” altsistemi (bundan sonra – altsistem) vasitəsilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra – Xidmət) tərəfindən baxılır.
Qiymətləndirilmə ölkənin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətləri nəzərə alınaraq, yüksəkixtisaslı miqrantların Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə əcnəbinin mütəxəssis olmasını iddia etdiyi sahə üzrə bilik və bacarıqlarının dəyərləndirilməsini nəzərdə tutur.