Bakı. Trend:
Bu il Azərbaycan məktəblilərinin kosmosa "SpaceX" raketi vasitəsilə ilk məktəbli peykinin buraxılması layihəsi həyata keçiriləcək.
Trend xəbər verir ki, bunu Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu layihədə ümumilikdə 41 məktəbdən 750 məktəblinin iştirakı baş verəcək:
"İlin sonunda "Space X"in daşıyıcı raketi ilə Azərbaycan məktəblilərinin peykinin kosmosa çıxarılması, daha sonra onun idarə edilməsi məktəblilərə kosmik sahədə yeniliklər, bu sahənin daha detallı araşdırılması baxımından böyük töhvə verəcək".