...

Bələdiyyə gəlirləri 14.4 faiz artıb (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2025 14:42 (UTC +04:00)
Bələdiyyə gəlirləri 14.4 faiz artıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yerli büdcə gəlirlərinin artırılması üzrə müsbət nəticələr əldə olunub.

Trend xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bələdiyyələr tərəfindən onların iqtisadi dayanıqlığının təmin olunması üçün yerli büdcə gəlirlərinin artırılması isitiqamətində davamlı işlər görülür:

“Bu məqsədlə uçotdan kənarda qalan vergitutma obyektlərinin uçota alınması, habelə vergi borcları üzrə inzibati akt qəbul edilərək məcburi icraya yönəldilməsi üçün zəruri addımlar atılır. Ədliyyə Nazirliyi tərəfindən yerli özünüidarəetmə orqanlarının nümayəndələri ilə aparılan mütəmadi maarifləndirmə tədbirləri, eləcə də Bələdiyyələrin Milli Assosiasiyalarının bu prosesdə yaxından iştirakı bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşmasına əhəmiyyətli təsir göstərməkdədir. Belə ki, hazırda yerli büdcə gəlirlərinin artırılması üzrə müsbət nəticələr əldə olunub”.

Məlumatda qeyd edilib ki, Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə bələdiyyə orqanının büdcəsinin icrası barədə məlumatına əsasən, ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 7.9 milyon manat (14.4%) artaraq ilk dəfə 63 milyon manata yaxın olub.

“2024-cü il üzrə yerli büdcələrə vergilərdən daxilolmalar əvvəlki illə müqayisədə 4.6 milyon manat (20.2%) çoxdur. Bakı bələdiyyələri üzrə yerli büdcə gəlirləri əvvəlki illə müqayisədə 3.2 milyon (19.8%) artaraq 20 milyon manata yaxın olub. Ümumilikdə 2024-cü ildə bələdiyyələrin 63 milyon manat büdcə gəlirlərindən 20 milyon manata yaxın vəsait Bakı bələdiyyələrinin payına düşür. Bu da ümumi büdcə gəlirlərinin 31.8%-ni təşkil edir.

Qeyd edək ki, yerli özünüidarəetmə institutuna dövlət qayğısının təzahürü olaraq ötən il bələdiyyələrə dövlət büdcəsindən 8 milyon manata yaxın dotasiya və subvensiya ayrılıb”, - deyə məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti