Bakı. Trend:
Zabratda təhsildən yayınan 11 uşaqdan 9-nun təhsili bərpa olunub.
Trend xəbər verir ki, Zabrat Bələdiyyəsinin sədri Nailə Nəsirova “Ailə və icma məsələlərində yerli özünüidarəetmənin təsir mexanizmləri” adlı konfransda deyib.
O bildirib ki, Zabrat bələdiyyə üzvlərinin 16 sentyabr 2021-ci il tarixli iclasının 18 saylı protokolunun qərarına əsasən, müvafiq qanunvericiliyə istinad etməklə Zabrat qəsəbəsi ərazisində "Gender bərabərliyinin təmin olunması" və "Məişət zorakılığının qarşısının alınması"na səmərəli kömək məqsədilə Zabrat bələdiyyəsi nəzdində komissiya yaradılıb:
"Komissiya yarandığı gündən bu günə qədər Zabrat qəsəbəsində 16 münaqişəli ailə ilə profilaktik tədbir və söhbətlər aparılıb, nəticədə 6 ailənin boşanmasının qarşısı alınıb. Təhsildən yayınan 11 uşaqdan 9-nun təhsili bərpa olunub. 3 uşağın "Ümid" sığınacaq evinə yerləşdirilməsi təmin olunub".
O qeyd edib ki, bir nəfər 17 yaşında qızın Sosial Xidmətlər Agentliyinə sığınmaq istəməsinin qarşısı alınıb.
"Zabrat qəsəbəsində 12368 ailə var, onlardan 8130-u qeydiyyatda, 4208-iisə qeydiyyatsız yaşayırlar. Hazırda ata-anası həbsdə olan 32 ailə var, münaqişəli ailələrin sayı 2, aztəminatlı ailələrin sayı isə 400 nəfər təşkil edir", - deyə o əlavə edib.