Bakı. Trend:
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.
Bu barədə Trend-ə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, 2025–2026-cı tədris ili üzrə tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu 15-22 iyul tarixlərində portal.edu.az platforması üzərindən həyata keçirilib.
"Bu müddət ərzində ümumilikdə 1500-dən çox tələbə ali təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək məqsədilə müraciət edib.
Hazırda köçürülmə prosesinin növbəti - müəssisə tərəfindən qiymətləndirmə mərhələsi başlayıb. Bu mərhələdə təqdim edilmiş müraciətlər təhsil müəssisələri tərəfindən araşdırılır və müvafiq qərarlar qəbul edilir.
Təhsil müəssisəsi tərəfindən müsbət qərar verildiyi halda,
tələbənin şəxsi kabinetində “Təsdiq et” və ya “İmtina et”
düymələrindən birini seçməsi tələb olunur. Tələbə “Təsdiq et”
düyməsini seçərək yerdəyişməyə razılıq verdiyi halda, proses
rəsmiləşdirilmiş hesab olunur. Əks halda, müraciət qüvvədən
düşür.
Bu səbəbdən tələbələrə şəxsi kabinetlərini mütəmadi olaraq
izləmələri tövsiyə olunur.
Qeyd edək ki, imtina cavabı alan şəxslər nəticələrin elan edilməsindən sonra 2 təqvim günü ərzində apellyasiya müraciəti təqdim edə bilərlər", - məlumatda qeyd olunub.