Bakı. Trend:
Bakının Sabunçu rayonunda yerləşən "Sea Breeze Resort” istirahət və yaşayış kompleksində FHN-in təşkilatçılığı ilə kompleks taktiki təlim keçirilib.
Trend xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət kapitanı Əlibala Əlizadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, "Sea Breeze Resort"da keçirilən təlim çərçivəsində qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.
“Təlimin keçirilməsində məqsəd kompleksin aidiyyəti heyətinin fövqəladə hallar zamanı maarifləndirilməsindən ibarət olub. İki hissədən ibarət olan tədbirdə həm nəzəri, həm də praktik biliklər aşılanıb. Təlimə FHN Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə, eyni zamanda Kiçikhəcimli Gəmilərə Nəzarət Sularda Xilasetmə xidmətlərinin canlı qüvvə və texnikaları cəlb olunub.
Təlim çərçivəsində qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilərək baş verən şərti yanğın söndürülüb və köməksiz vəziyyətdə qalan vətəndaşlar, həmçinin, suda boğulma təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib. Partlama təhlükəli maddələr tapılaraq zərərsizləşdirilib. Təlim uğurla başa çatıb", - o deyib.