Bakı.Trend:
Statistik məlumatların hazırlanması prosesinin yenidən təşkil olunması zəruridir.
Trend xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının Statistika şöbəsinin direktoru Tiyna Luiqe Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda deyib.
“Artıq uzun illərdir ki, statistik istehsalın mövzular üzrə təşkil olunmasından proses yönümlü modelə keçid məsələsi müzakirə olunur. Bu modeldə ayrı-ayrı bölmələr mövzudan asılı olmayaraq məlumatların toplanması, işlənməsi və yayılması ilə məşğul olurlar. Lakin indi daha da irəli getmək lazımdır”, - deyə o bildirib.
Luiqe qeyd edib ki, əgər əvvəllər statistik qurumlarda sorğu və ya siyahıyaalmanın necə aparılacağına dair aydın addımlar mövcud idisə, indi bu prosesləri inzibati və digər mənbələrdən əldə olunan məlumatlarla birləşdirmək tələb olunur.
O, həmçinin vurğulayıb ki, məlumat mənbələrinin əlçatanlığının və müxtəlifliyinin artması statistik təşkilatlar üçün böyük imkanlar açır – məlumatları inteqrasiya etmək, daha dəqiq, operativ və məzmunlu informasiya təqdim etmək imkanı yaradır.