Bakı. Trend:
Universitetlər liderliyi formalaşdırır və təhsil sahəsində islahatlara təsir göstərir.
Trend xəbər verir ki, bunu Nazarbayev Universitetinin akademik planlaşdırma və büdcə üzrə prorektorunun müavini Aida Saqintayeva Bakıda keçirilən Avrasiya Universitetlərinin Sammitində bildirib.
O, ali təhsil ocaqlarının rəhbərlərinin peşəkar inkişafının vacibliyini vurğulayıb və effektiv liderliyin formalaşdırlması və təhsil siyasətinə dəstək məqsədilə universitetlərin tədqiqatlara cəlb olunmasının zəruri olduğunu bildirib.
Saqintayeva yüksək vəzifəli inzibatçıların o cümlədən, prorektor və dekanların idarəetmə və peşə bacarıqlarının möhkəmləndirilməsinə yönəlmiş universitet proqramlarını da qeyd edib.
“Biz universitet rəhbərləri üçün idarəetmə, strateji menecment, maliyyə, kadrlar, marketinq və digər mühüm bacarıqları əhatə edən proqram hazırlamışıq”,- deyə o vurğulayıb.
Artıq 500-dən çox universitet rəhbəri təlim keçib və onların çoxu nazirliklərdə və digər qurumlarda rəhbər vəzifələrə təyin olunaraq əldə etdikləri bilikləri praktikada tətbiq edir, islahatlar həyata keçirirlər.