Bakı. Trend:
Ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti üçün Qobustan Milli Tarix-Bədii Qoruğuna, Palçıq Vulkanları Turizm Kompleksinə və Sumqayıt Sənaye Parkına mediatur təşkil edilib.
Trend xəbə verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, mediatur çərçivəsində qonaqlar ilk olaraq
Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət ediblər. Onlara qoruğun
tarixi əhəmiyyəti, qədim qayaüstü rəsmlərin xüsusiyyətləri, burada
aparılan arxeoloji tədqiqat işləri barədə məlumat verilib.
Xalqımızın qədim mədəniyyətinin bənzərsiz incisi olan Qobustan
qoruğunun 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil
edildiyi diqqətə çatdırılıb.
Sonra qonaqlar Palçıq Vulkanları Turizm Kompleksini gəziblər.
Burada onlara vulkanların geoloji xüsusiyyətləri, müalicəvi və
turistik potensialı barədə məlumat verilib. Qonaqlara bildirilib
ki, 12 hektar ərazidə salınmış Kompleksin Turizm İnformasiya
Mərkəzi sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq
vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri
haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış
olmaq mümkündür.
Sumqayıt Sənaye Parkında olan mediatur iştirakçılarına burada fəaliyyət göstərən müəssisələr, tətbiq olunan innovativ texnologiyalar barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, Sənaye Parkı ölkənin qeyri-neft sektorunun inkişafında, yeni növ məhsulların istehsalında və ixrac potensialının artırılmasında mühüm rol oynayır və bu istiqamətdə işlər mütəmadi olaraq davam etdirilir.