Bakı.Trend:
İtkin düşmüş eləcə də girov götürülmüş şəxslərin ailə üzvlərindən və yaxın qohumlarından 2014-cü ildən başlayaraq 11000-dən artıq bioloji nümunələr toplanıb. Biloji nümunələrin mənsubluğunun müəyyən edilməsi üçün aparılan sorğu-axtarış işləri üzrə tədbirlərdə istifadə olunması məqsədilə nümunələr əsasında DNT profilləri əldə olunaraq sistemləşdirilib və məlumat bankına daxil edilib.
Trend xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin rəisi, general-mayor Rüfət Əliyev Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
"2020-ci il Vətən Müharibəsi və antiterror əməliyyatlarından sonra itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı yeni imkanlar yaradılıb. 2022-ci ildə DTX-nin rəisi Əli Nağıyevin təklifi ilə dövlət büdcəsindən pul ayrılıb və DTX-nin Hərbi-tİbb baş idarəsində Genetik Araşdırmalar Mərkəzi ən müasir avadanlıqlarla təchiz edilib.”
R. Əliyev qeyd edib ki, müharibədən sonra kütləvi məzarlıqlardan çıxan skeletlərdən götürülən bioloji nümunələr DTX-nin Genetik Araşdırmalar Mərkəzinə təhvil verilib. Son dövrlər çox ciddi nəticələr alınıb.
General-mayor vurğulayıb ki, DTX-nin Hərbi-tibb baş idarəsi son itkin düşmüş şəxsin kimliyi müəyyən olunan qədər bu məsələ ilə fəaliyyət göstərəcək.