Bakı. Trend:
Moldovanın paytaxtı Kişineuda 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.
Trend xəbər verir ki, tədbirdə xarici ölkələrin səfirləri, hökumət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və soydaşlarımız iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Moldovanın Dövlət himnləri səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən qəhrəman övladların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun əldə etdiyi bu böyük Qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını deyib. Bu tarixi nailiyyətin yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətə, sülhə və sabitliyə mühüm töhfə olduğunu vurğulayıb. Səfir, həmçinin “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə uğurla aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən söz açıb.
Moldova Xarici İşlər Nazirliyinin dövlət katibi Sergey Mihov Zəfər Günü ilə bağlı təbriklərini çatdırıb, Moldovanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl olaraq dəstəklədiyini və dəstəkləməkdə davam etdiyini bildirib.
Moldovada yaşayan soydaşlarımızın Zəfərimizi qürurla yaşadığını qeyd edən Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov Zəfər Gününün Azərbaycan dövlətinin gücünün, birliyinin simvoluna çevrildiyini diqqətə çatdırıb. Vətən müharibəsində xalqımızın və əzəmətli Ordumuzun qazandığı Zəfərin dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunduğunu söyləyib.
Tədbirin rəsmi hissəsindən sonra Zəfərə həsr edilən videoçarx nümayiş olunub. UNESCO-nun Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının üzvü, azərbaycanlı rəssam Nərminə Nəcəfovanın və digər tanınmış Azərbaycan rəssamlarının “Biz qayıtdıq” mövzusunda rəsm sərgisinə və şanlı Zəfərimizə aid fotosərgiyə baxış keçirilib.
