Bakı. Trend:
Noyabrın 17-si Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günüdür.
Beynəlxalq gün 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə
Avropa Fondunun təşəbbüsü ilə təsis edilib. Noyabrın 17-nin
seçilməsi heç də təsadüfi deyil. Həmin gün yeni doğulmuş uşaqlara
beynəlxalq qayğı fondunun banilərindən biri üçün xüsusi məna və
əhəmiyyət daşıyır. 2006-cı ilin dekabrında vaxtından əvvəl doğulmuş
üçəm körpələrin ölümündən sonra 2008-ci il noyabrın 17-də həmin
ailədə sağlam qız doğulub.
Vaxtından əvvəl doğulan körpənin inkişafı vaxtında doğulan
uşaqlardan fərqlidirmi? Bu uşaqlarda hansı sağlamlıq riskləri daha
çox olur? Vaxtından əvvəl doğulan körpənin peyvəndləri nə zaman
aparılır?
Trend xəbər verir ki, bu və digər suallara Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim-neotaloqu Mehriban Səlimova aydınlıq gətirir.
– Mehriban xanım, hansı körpələr vaxtından əvvəl doğulmuşlar hesab olunur?
– Hamiləliyin 37-ci həftəsindən əvvəl (tam 259 gündən əvvəl) doğulan uşaqlara prematur, yəni vaxtından əvvəl doğulmuş uşaq deyilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur.
– Doktor, vaxtından əvvəl doğulan körpənin inkişafı vaxtında doğulan uşaqlardan fərqlidirmi?
– Erkən doğuş yalnız körpənin dünyaya gəlmə vaxtını dəyişmir,
eyni zamanda onun sonrakı inkişafına da təsir göstərə bilər. Belə
uşaqların fiziki, zehni və emosional inkişafı bəzən yaşıdlarından
bir qədər fərqli ola bilər. Bunun əsas səbəbi onların bəzi orqan və
sistemlərinin hələ tam formalaşmamasıdır. Lakin bu fərq çox vaxt
müvəqqəti xarakter daşıyır və düzgün qayğı ilə aradan qalxır.
Vaxtından əvvəl doğulmuş körpələrin normal inkişaf etməsi üçün
onlara erkən dövrlərdən etibarən xüsusi diqqət və dəstək
göstərilməsi çox vacibdir. Bu, həm fiziki, həm də zehni inkişafın
düzgün istiqamətdə getməsi üçün əsas şərtdir. Məsələn, uşağın
hərəkət bacarıqlarını dəstəkləmək üçün sadə gündəlik məşqlər, masaj
və oynaq hərəkətləri faydalıdır. Bu tədbirlər körpənin əzələlərini
gücləndirir, hərəkət koordinasiyasını və bədən tarazlığını
yaxşılaşdırır. Eyni zamanda, uşağın danışıq və ünsiyyət bacarıqları
da xüsusi diqqət tələb edir. Körpə ilə tez-tez danışmaq, ona səs
tonlarını tanıtmaq, nağıllar oxumaq və sadə səslərlə oynamaq onun
nitq inkişafına müsbət təsir göstərir.
Əgər danışıqda gecikmə müşahidə olunarsa, bu zaman mütəxəssis
dəstəyi almaq vacibdir. Psixoloji və sosial inkişaf da bu uşaqlar
üçün böyük əhəmiyyət kəsb edir. Körpə ailənin qayğısını və
sevgisini hiss etməli, özünü təhlükəsiz və rahat bir mühitdə
görməlidir. Ana və atanın uşağa yaxın münasibəti, onunla emosional
təmasda olması, səmimi ünsiyyət uşağın emosional sabitliyini
möhkəmləndirir.
Qidalanma və vitaminlərlə bağlı düzgün yanaşma da inkişafın vacib
hissəsidir. Uşağın çəki artımı, iştahı və ümumi vəziyyəti daim
izlənməlidir. Lazım gələrsə, həkim tərəfindən əlavə dəstəklər təyin
oluna bilər. Valideynlər bu prosesdə məlumatlı olmalı, uşağın hər
inkişaf mərhələsini diqqətlə izləməlidirlər. Maarifləndirici
məlumatlar, təlimlər və həkimlərlə sıx əlaqə valideynlərə bu dövrdə
böyük kömək göstərir.
Vaxtında dəstək alan və düzgün istiqamətləndirilən uşaqların
əksəriyyəti 2–3 yaşdan etibarən yaşıdlarına tam şəkildə çata
bilirlər. Belə uşaqlar normal həyata asanlıqla uyğunlaşır, sağlam
böyüyür və sosial mühitə problemsiz inteqrasiya olunur. Əsas məsələ
onların inkişafına səbr, diqqət və sevgi ilə yanaşmaqdır.
– Vaxtından əvvəl doğulan uşaqlarda hansı sağlamlıq riskləri daha çox olur?
– Vaxtından əvvəl dünyaya gələn körpələrdə bəzi sağlamlıq
problemlərinə rast gəlmək ehtimalı olur. Bu uşaqlarda ilk növbədə
nəfəs alma ilə bağlı çətinliklər müşahidə oluna bilər. Bunun səbəbi
onların ağciyərlərinin hələ tam inkişaf etməməsi və nəfəs prosesini
tənzimləyən mexanizmlərin tam formalaşmamasıdır. Bəzən belə
körpələr doğuşdan sonra əlavə oksigen və ya xüsusi tənəffüs dəstəyi
tələb edə bilirlər.
Qidalanma da bu uşaqlarda ən çox diqqət tələb edən məsələlərdən
biridir. Erkən doğulan körpələrin əmmə və udma bacarığı tam
formalaşmadığı üçün onlar bəzən qidanı qəbul etməkdə çətinlik
çəkirlər. Bu, onların çəki artımını ləngidə və böyümə tempinə təsir
göstərə bilər. Belə hallarda həkim nəzarəti altında xüsusi
qidalanma rejimi tətbiq olunur. İmmunitet sisteminin zəif olması da
vaxtından əvvəl doğulan uşaqlar üçün mühüm risk amilidir. Onların
orqanizmi infeksiyalara qarşı kifayət qədər müdafiə qabiliyyətinə
malik olmadığından, bu uşaqlarda tez-tez xəstəliklər baş verə
bilər. Buna görə də onlar daha çox qorunmalı və təmiz, steril
şəraitdə saxlanılmalıdır.
Bəzi hallarda bu uşaqlarda görmə ilə bağlı problemlər də meydana
çıxa bilər. Bunun əsas səbəbi göz dibindəki damarların tam inkişaf
etməməsidir. Görmə zəifliyi riskini azaltmaq üçün belə uşaqlar
doğuşdan sonrakı ilk həftələrdə mütləq göz həkimi tərəfindən
yoxlanılmalıdır. Sinir sistemi ilə bağlı pozğunluqlar da vaxtından
əvvəl doğulmuş körpələrdə daha çox rast gəlinə bilər. Bu, bəzən
əqli inkişafın bir qədər ləng getməsi, hərəkətlərin
koordinasiyasının zəif olması və ya digər nevroloji əlamətlərlə
özünü göstərə bilər. Belə hallarda uşağın hərəkət və nitq
bacarıqlarının inkişafı üçün erkən reabilitasiya proqramları mühüm
rol oynayır. Həmçinin, bu uşaqların bədən temperaturunu sabit
saxlama qabiliyyəti zəif olur. Onlar tez üşüyür və bəzən istilik
itkisindən qorunmaq üçün xüsusi istilik aparatlarının köməyinə
ehtiyac duyurlar.
Məhz bu səbəblərə görə vaxtından əvvəl doğulan körpələr çox vaxt
doğuşdan sonra xüsusi tibbi nəzarət altında saxlanılır. Onların bir
müddət reanimasiya və intensiv müşahidə şəraitində qalması
vacibdir. Evə buraxıldıqdan sonra isə bu uşaqlar mütəmadi olaraq
pediatr, göz və sinir sistemi üzrə həkimlər tərəfindən izlənməli,
inkişafları mərhələli şəkildə qiymətləndirilməlidir.
– Vaxtından əvvəl doğulan uşaq nə qədər müddətlə izlənməlidir?
– Vaxtından əvvəl doğulan uşaqların inkişafı adətən iki yaşına
qədər mütəmadi olaraq həkim nəzarətində saxlanılmalıdır. Bu dövrdə
uşağın çəkisi, boyu, hərəkət və danışıq bacarıqları izlənir,
inkişafında hər hansı gecikmə və ya fərqlilik aşkar edilərsə,
vaxtında tədbir görülür. Bəzi uşaqlarda bu nəzarət müddəti beş yaşa
qədər uzana bilər, xüsusilə də çox erkən doğulan və ya az çəkili
körpələrdə bu izləmə daha vacib sayılır.
Vaxtından əvvəl doğulan uşaqların qidalanması və inkişafının
izlənməsi xüsusi diqqət tələb edir. Prematur körpələr üçün ana südü
ən yaxşı qida hesab olunur, həm infeksiyalardan qoruyur, həm də
inkişafı dəstəkləyir. Eyni zamanda, əlavə vitamin və mineral
dəstəyi də lazım ola bilər. Məsələn, dəmir, D vitamini və bəzən
kalsium-fosfor əlavələri uşağın sağlam inkişafı üçün vacibdir.
Qidalanma zamanı əmmə, udma və qida qəbulunda çətinliklər
yaranarsa, nutrisiyent və ya qidalanma üzrə mütəxəssisin müdaxiləsi
faydalı olur. Vaxtından əvvəl doğulan uşaq əlavə qidaya keçərkən
isə korreksiya olunmuş yaşı əsas götürülür; adətən bu yaş 6 aydır,
amma bəzi hallarda 5–7 ay arasında da ola bilər və hər zaman
pediatrın məsləhəti vacibdir.
– Vaxtından əvvəl doğulan uşaqlarda görmə, eşitməvə yerimə nə vaxt yoxlanılmalıdır?
– Belə uşaqlarda görmə və eşitmə yoxlanışı da erkən dövrlərdə
aparılmalıdır. Görmə müayinəsi doğuşdan sonra təxminən 4–6 həftə
ərzində həyata keçirilməli, bu zaman göz dibində hər hansı problem
olub-olmaması qiymətləndirilməlidir. Eşitmə müayinəsi isə adətən
ilk bir ay ərzində aparılır.
Bu sadə testlər uşağın gələcəkdə danışıq və öyrənmə bacarıqlarının
normal inkişafı üçün böyük əhəmiyyət daşıyır. Vaxtında aparılan
izləmə və müayinələr sayəsində erkən doğulan uşaqların çoxu tam
sağlam böyüyür və normal inkişaf edir.
Vaxtından əvvəl doğulan uşaqlar da normal şəkildə yeriməyi,
danışmağı və digər bacarıqları öyrənə bilirlər. Sadəcə bu proses
bəzən yaşıdlarına nisbətən bir qədər gec baş verir. Əgər uşağın
beynində ciddi zədələnmə və ya ağır sağlamlıq problemi yoxdursa, o,
müəyyən vaxt keçdikdən sonra bu bacarıqları tam şəkildə
qazanır.
– Vaxtından əvvəl doğulan uşağın peyvəndləri nə zaman aparılır?
– Vaxtından əvvəl doğulan uşaqlar da peyvəndlərini ümumi
qaydalara əsasən almalıdırlar. Peyvəndlər uşağın xronoloji yaşına,
yəni faktiki doğum tarixindən keçən vaxta görə tətbiq olunur. Başqa
sözlə, bu uşaqlar da vaxtında doğulan körpələr üçün nəzərdə tutulan
peyvənd cədvəli ilə eyni ardıcıllıqla peyvənd olunurlar. Yalnız
körpənin sağlamlıq vəziyyəti və çəkisinə görə bəzi peyvəndlərin
vaxtı həkim tərəfindən bir qədər dəyişdirilə bilər. Əsas məqsəd
uşağın immunitetini gücləndirmək və onu yoluxucu xəstəliklərdən
qorumaqdır. Hər bir peyvənd barədə qərar uşağın inkişaf vəziyyəti
nəzərə alınmaqla pediatr tərəfindən verilməlidir.
Nəticə olaraq onu qeyd etmək istərdim ki, vaxtından əvvəl doğulmuş
uşaqların sağlam və uğurlu inkişafı üçün mütəmadi tibbi izləmə,
vaxtında müdaxilə və ailə dəstəyi böyük əhəmiyyət daşıyır. Erkən
mərhələdə düzgün yanaşma sayəsində bu uşaqların qarşılaşa biləcəyi
tibbi çətinliklər effektiv şəkildə idarə edilə bilər. Çox vaxt bu
körpələr azacıq əlavə diqqət və xüsusi qayğı ilə həm fiziki, həm də
zehni inkişaf baxımından tamamilə normal yaşamaq bacarığı qazana
bilirlər. Valideynlərin düzgün dəstəyi və sevgi dolu mühit,
həmçinin neonatal və pediatrik baxım, onların gələcək həyat
keyfiyyətinə mühüm təsir göstərir. Vaxtından əvvəl doğulan
körpələrin inkişafı yalnız tibbi göstəricilərlə deyil, həm də
ailənin psixoloji və emosional dəstəyi ilə birgə izlənildikdə daha
uğurlu olur.