Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin növbəti toplantısı Astanada keçiriləcək.
Trend xəbər verir ki, bunu TDT Baş katibinin müavini Ömer Kocaman Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının üzv dövlətlərinin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında bildirib.
“Toplantının keçirilmə tarixi barədə əlavə məlumatı diplomatik kanallar vasitəsilə verəcəyik”, – Kocaman bildirib.
KİV üçün verilən açıqlamada Qazaxıstanın Mədəniyyət və İnformasiya nazirinin müavini Kanat İskakov qeyd edib ki, qarşıdakı sammitdə yalnız ümumi əməkdaşlıq məsələləri deyil, həm də media sahəsində konkret təşəbbüslər müzakirə olunacaq.
“Biz türkdilli ölkələrin media qurumlarının rəhbərlərini təkcə mümkün layihələr barədə fikir mübadiləsi aparmaq üçün deyil, artıq konkret sazişlər imzalamaq məqsədilə də dəvət edirik. Dövlət səviyyəsində səmərəli əməkdaşlığımız mövcuddur və indi KİV rəhbərləri, telekanallar və informasiya agentlikləri arasında da belə sıx işbirliyinin inkişaf etdirilməsi vacibdir. Bu, bizim təcrübə mübadiləsini, birgə kontent hazırlığını və feyk xəbərlərə qarşı mübarizə, etibarlı məlumatın yayılması üzrə ümumi informasiya gündəmi formalaşdırmağımıza imkan verəcək. Düşünürəm ki, məhz bu məsələlər bizim əsas müzakirə mövzularımız olacaq”, – deyə o vurğulayıb.
