Bakı. Trend:
Yusif Məmmədəliyevin elmi irsi bu gün də aktuallığını saxlayır.
Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərin görə, Yusif Məmmədəliyevin 20-ci əsr Azərbaycan elminin ən parlaq nümayəndələrindən olduğu danılmaz faktdır:
"Həm ölkəmizin, həm dünya kimya elminin inkişafında Yusif Məmmdəliyev silinməz iz qoyub. Əminliklə deyə bilərik ki, onun yaratdığı elmi istiqamətlər bu gün müasir neft-kimya sənayesinin əsasını təşkil edir. Ölkəmizdə Əlyazmalar fondu, Astrofizika rəsədxanası kimi müəssisələrin yaradılması da onun adı ilə bağlıdır. Akademikin əvvəlki yubileylərinin UNESCO tərəfindən qeyd olunması onun elmi irsinin dünya üçün əhəmiyyətinin göstəricisidir. Akademik Yusif Məmmədəliyevin elmi irsini yaşatmaq həm də gələcəyə töhfə verməkdir.
Növbəti ildən başlayaraq Azərbaycan və region ölkələrin şagirdlərini cəlb etməklə Yusif Məmmədəliyevin adını daşıyan kimya və ya təbiət elmləri sahəsində olimpiada keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, bu konfrans çərçivəsində ali təhsil müəssisələrində gənc alimlər üçün Yusif Məmmədəliyevin adını daşıyan təqaüdlərin, alətlərin hazırlanması məsələsi müzakirə ediləcək".
