Bakı. Trend:
Azərbaycan və Gürcüstan qlobal informasiya təhdidlərinə qarşı birgə layihələr həyata keçirə və bu istiqamətdə əməkdaşlığı gücləndirə bilər.
Trend xəbər verir ki, bunu bu gün Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda keçirilən Azərbaycan-Gürcüstan Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
İcraçı direktor xatırladıb ki, Medianın İnkişafı Agentliyi cəmiyyətin media savadlılıq səviyyəsinin artırılması üçün artıq ənənə halını almış sistemli tədbirlər həyata keçirir. Hər ilin dekabr ayında Azərbaycanda “Media savadlılığı” həftəsi start götürməsi bu sahədə maarifləndirmə işlərini daha da gücləndirir.
“Biz bu istiqamətdə də Gürcüstanlı həmkarlarımızla əməkdaşlıq etməyə, təcrübə mübadiləsi aparmağa hazırıq. Azərbaycan–Gürcüstan dostluğu və strateji tərəfdaşlığı yaşadığımız regionda nümunəvi əməkdaşlıq modelidir.
Bizim ilk forumumuz isə əlaqələrimizin media sahəsində də yeni mərhələyə qədəm qoymasına imkan yaradacaq”, - deyə o fikrini tamamlayıb.
