Bakı. Trend:
“Diplomatik xidmət əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası” təsdiq edilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, bu Qayda diplomatik xidmət əməkdaşlarının attestasiyasının (bundan sonra – attestasiya) həyata keçirilməsi qaydasını müəyyən edəcək.
Attestasiya diplomatik xidmət əməkdaşlarının (bundan sonra – əməkdaş) peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi, habelə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədilə keçiriləcək.
Əməkdaş müvafiq diplomatik vəzifədə ən azı 1 (bir) il daimi xidmət keçəndən sonra attestasiyadan keçirilə bilər. Əməkdaşlar attestasiyadan beş ildə bir dəfədən çox olmayaraq keçirilir və bu zaman onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınacaq.
Diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən əməkdaş rotasiya əsasında geri çağırıldıqdan sonra attestasiyadan keçiriləcək.
Aşağıdakı əməkdaşlar attestasiyadan keçirilməyəcəklər:
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən diplomatik rütbə verilənlər;
- xüsusi tapşırıqlar üzrə səfirlər və idarə rəisləri;
- staj və sınaq dövründən sonra daimi diplomatik xidmətdə bir ildən az müddətdə xidmət keçənlər;
- vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) alanlar və əlilliyi müəyyən edilənlər;
- Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlara layiq görülənlər;
- bir vəzifədə beş ildən az müddətdə çalışan məcburi köçkün statusu olanlar;
- hamilə qadınlar;
- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifəni tutan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
- eyni vəzifədə ən azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilənlər.
k
