Bakı. Trend:
Dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan şəxslər, habelə istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər, könüllü fəaliyyətin iştirakçısı olan könüllülər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) icbari sığorta olunacaqlar.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, yuxarıda nəzərdə tutulmuş sığorta olunanlar istisna olmaqla, digər sığortalılarda çalışan şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər yerli hüquqi şəxslərdə icbari sığorta olunacaqlar.
Yuxarıda nəzərdə tutulmuş icbari sığorta üzrə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Yuxarıda nəzərdə tutulmuş sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşacaq:
- yuxarıda nəzərdə tutulmuş sığorta olunanlar üzrə ödənilən sığorta haqları;
- sığorta ehtiyatı fondunu təmin edən vəsaitlərin təhlükəsizlik göstəriciləri üzrə meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər;
- qanunda nəzərdə tutulmuş digər mənbələr.
Sığorta vəsaitləri aşağıdakı istiqamətlərdə istifadə olunacaq:
- yuxarıda nəzərdə tutulmuş sığorta olunanlara sığorta ödənişlərinin verilməsinə;
- əmək şəraitinin və əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalara;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə;
- sığorta ehtiyatı fondunun yaradılmasına;
- idarəetmə xərclərinə;
- qanunla müəyyən edilən digər istiqamətlərə.
Əmək şəraitinin və əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalar yuxarıda nəzərdə tutulmuş sığorta olunanlar üzrə ödənilən sığorta haqqının 10 faizi miqdarında müəyyən ediləcək.
İdarəetmə xərcləri yuxarıda nəzərdə tutulmuş sığorta olunanlar üzrə ödənilən sığorta haqqının 5 faizədək miqdarında müəyyən ediləcək və bu vəsaitin xərclənməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi xərclər smetasına uyğun olaraq həyata keçiriləcək.
Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edəcək.
Sığorta ehtiyatı fondu sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda sığorta ehtiyatı fondunun artırılması dayandırılacaq, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə əmək şəraitinin və əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalara yönəldiləcək.
Yuxarıda nəzərdə tutulmuş sığorta olunanlar üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərin sayında kəskin artım nəticəsində sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsir sığorta ehtiyatı fondunun hesabına maliyyələşdiriləcək.
Cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı fondunu təmin edən vəsait və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.
Yuxarıda nəzərdə tutulmuş sığortalılar tərəfindən bu Qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasının yaxşılaşdırılması və işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.
