Bakı. Trend:
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2026-cı ildə ilk iclası keçirilib.
Trend xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.
Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, Prezident İlham Əliyev ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında ana dilimizin qorunmasının vacibliyini vurğuladı. R.Məcid rəhbərlik etdiyi qurumun noyabrın 7-də bununla bağlı Medianın İnkişafı Agentliyi ilə birgə “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirdiyini xatırlatdı. Şura sədrinin sözlərinə görə, Agentlik sözügedən konfransa dair xülasə hazırlayıb ki, bu sənəd, həm ana dilimizin qorunması ilə bağlı çağırış əhəmiyyəti daşımaqdadır, həm də görüləcək işlərin parametrlərinə sistemli baxış nümunəsidir.
R.Məcid bildirib ki, Şuranın İdarə Heyətinin 2025-ci ildə keçirilmiş son iclasında da Prezident İlham Əliyevin fikirlərindən irəli gələn məsələlər müzakirə edildi və müvafiq olaraq Mətbuat Şurasının Dil Komissiyasının tərkibi yenidən formalaşdırıldı. Komissiyanın sədri İH üzvü, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı seçildi. Qurumun tərkibində İdarə Heyətinin digər üzvlərindən - “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmlinin, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının, həmçinin Şuranın Nəzarət Təftiş Komissiyasının üzvü, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyevin, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlunun və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin təmsilçiliyi məqbul sayıldı.
R.Məcid onu da bildirib ki, Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ana dilimizin qorunması məsələsinə daha geniş yer verdi. Dövlətimizin başçısı dilimizi dövlətçiliyin əsas atributlarından biri, hətta bayraqla, gerblə, himnlə birlikdə birincisi adlandırdı və vurğuladı ki, uzun illər xalqımızın yaşadığı məhrumiyyətlər düşüncələrdə mənfi təsirlər və fəsadlar yaradıb. Həmin fəsad və təsirlərin aradan qaldırılması vacibdir.
MŞ sədri rəhbərlik etdiyi qurumun Dil Komissiyasının bu gün keçiriləcək genişləndirilmiş iclasında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı daha geniş müzakirənin aparılacağını, konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdiriləcəyini vurğuladı. Bundan əvvəl isə Şuranın İdarə Heyəti bir sıra mütəxəssislərin Dil Komissiyasında təmsilçiliyi məsələsinə baxmalıdır. R.Məcid namizədlərin adlarını açıqladı və müzakirələrdən sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Müasir Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Hacıyevin (Tofiq Müzəffəroğlu), AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, dosent Rasim Heydərovun, əməkdar artist, tanınmış teleaparıcı Nərgiz Cəlilovanın, İTV telekanalının aparıcısı Vüsalə Məmmədovanın da komissiyaya üzvlüyü təsdiqləndi. Həmçinin, APA İnformasiya Agentliyinin redaktoru Nadir Yalçın qurumun katibi seçildi. Beləliklə, Şuranın Dil Komissiyası sədr Vüsalə Mahirqızı, sədr müavini Seyfənddin Hüseynli və katib Nadir Yalçın olmaqla, ümumilikdə 12 nəfərdən ibarət olaraq təşkil edildi.
