...

Ağdərənin Çıldıran kəndində bu il əlavə 30 evin bərpası planlaşdırılır

Cəmiyyət Materials 14 Yanvar 2026 10:34 (UTC +04:00)
Ağdərənin Çıldıran kəndində bu il əlavə 30 evin bərpası planlaşdırılır
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdərə.Trend:

Çıldıran kəndi, Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində yerləşir və uzun müddət işğal altında olub. Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub.

Trend xəbər verir ki, bunu bu gün Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı jurnalistlərə açıqlamasında bildirib.

Qurum rəsmisi bildirib ki, kəndin əsas məşğuliyyəti əvvəllər heyvandarlıq və bitkiçilik olub. Burada məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Kənd ərazisi tarixi abidələrlə zəngindir; XII əsrə aid “Alban məbədi” və XIII əsrə aid “Qırmızı məbəd” memarlıq abidələri kəndin mədəni irsini təşkil edir.

“Hazırda kənddə 177 fərdi ev mövcuddur. Onlardan 69-u yararsız, 108-i qismən yararlıdır. İndiyədək 28 ev istismara hazır vəziyyətə gətirilib, bu il isə əlavə 30 evin bərpası planlaşdırılır. İlk mərhələdə kəndə 13 ailə – 48 nəfər qayıdıb.

Bərpa işləri çərçivəsində kənddə 2 transformator, elektrik və qaz xətləri bərpa olunub, yeni elektrik, qaz və rabitə xətləri çəkilib. Su nasosu istifadəyə verilib, 190 kubmetr həcmindəki su anbarları təmizlənib, subartezian quyusu təmir olunub. Kənddaxili yolların 8,4 kilometri bərpa edilib və park salınıb.

Kəndin tam bərpası və sakinlərin rahat yaşayışı üçün işlər sürətlə davam edir. Əhalinin qayıdışı və sosial infrastrukturun bərpası prioritet olaraq davam etdirilir”, – deyə Afət Telmanqızı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti