Bakı. Trend:
Xüsusilə də məzunlara fokuslanmaqla xaricdə təhsil üzrə Dövlət Təhsil Proqramı ilə bağlı ictimai dinləmə təşkil edilməlidir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə komitənin bugünkü iclasında deyib.
Sədr müavini vurğulayıb ki, bu proqram çərçivəsində təhsil alıb ölkəyə qayıdan minlərlə məzunun hazırkı vəziyyəti, harada və hansı sektorlarda çalışmaları, işlə təmin olunma mexanizmləri, həmçinin onlarla aparılan ideoloji və inteqrasiya işi ciddi təhlil edilməlidir. Bu şəxslər bir neçə il xaricdə yaşayıb, fərqli akademik və sosial mühitlərdə formalaşıblar və onların ölkənin inkişafına verdiyi töhfələr obyektiv qiymətləndirilməlidir:
“Nəzərə alsaq ki, bu proqram artıq on ildən çoxdur icra olunur, düşünürəm ki, ilkin nəticələrin təhlili, mövcud vəziyyət və gələcək planlar barədə ictimai dinləmənin keçirilməsi olduqca vacibdir. Xüsusilə onu da qeyd etmək lazımdır ki, bu proqram çərçivəsində xeyli maliyyə vəsaiti xarici universitetlərə yönəldilir. Bu baxımdan alternativ modellər – ikili diplom proqramlarının genişləndirilməsi, xarici müəllimlərin Azərbaycan universitetlərində dərs deməsi kimi mexanizmlər də müzakirə mövzusu ola bilər. Hesab edirəm ki, bu məsələlər ictimai dinləmədə geniş şəkildə müzakirə edilməlidir”.
Millət vəkili bildirib ki, bəzi universitetlərdə mövcud ixtisaslar əmək bazarının tələblərinə uyğun gəlmir:
“Bazar sürətlə dəyişir, texnologiyalar inkişaf edir, yeni qlobal tendensiyalar meydana çıxır. Sual yaranır: biz bu dəyişikliklərə nə qədər çevik uyğunlaşa bilirik, yeni və interdisiplinar ixtisasları nə qədər sürətlə aça bilirik? Bu kontekstdə hesab edirəm ki, Elm və Təhsil Nazirliyi ilə birgə müzakirələr aparılmalı və müəyyən sahələrdə universitetlərə daha çox muxtariyyət verilməsi imkanları nəzərdən keçirilməlidir. Bu, ali təhsil müəssisələrinə daha çevik qərarlar qəbul etmək və əmək bazarının tələblərinə operativ reaksiya vermək imkanı yarada bilər”.
